AZ

“Amnesty İnternational”: Hakimiyyət “COP29” ərəfəsində tənqidçilərini həbs etməyi dayandırmalıdır

Təşkilat Anar Məmmədlinin həbsini pisləyib

"Azərbaycan hökuməti insan hüquqları müdafiəçisini "COP29” ərəfəsində həbs edib”.

"Amnesty İnternational” təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, Azərbaycanda Ədalət İqlimi Təşəbbüsünün həmtəsisçisi Anar Məmmədlinin həbsinə münasibət bildirərkən belə deyib.

Bildirib ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı hədə-qorxu kampaniyasını dərhal dayandırmalı və noyabrda Bakıda keçiriləcək "COP29” toplantısı ərəfəsində öz tənqidçilərini həbs etməyi dayandırmalıdır: "Bu, artıq bir neçə tanınmış fəal və jurnalistin şübhəli cinayət təqibinə səbəb olub. Tanınmış hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi bu narahatedici tendensiyanın daha bir bariz nümunəsidir”.

Natalia Nozadze əlavə edib ki, Anar Məmmədlinin həbsi hökumət tənqidçilərini susdurmaq üçün cinayət, ədliyyə sistemindən sui-istifadə nümunəsinin növbətisidir:

"O cümlədən, qanunsuz axtarışlar, vəkillərə çıxışın qadağan edilməsi, həbsdə işgəncə, pis rəftar, qanunsuz həbslər, müxalifətin susdurulması üçün davamlı səylərin hər birinə son qoyulmalıdır. Biz Anar Məmmədlinin dərhal azad edilməsinə çağırırıq”.

Sonda bildirilir ki, Anar Məmmədli aprelin 29-da uşağını bağçadan götürməyə gedərkən naməlum maskalı şəxslər tərəfindən tutularaq, qara rəngli avtomobilə mindirilib və ərazidən uzaqlaşdırılıb. Ailə üzvlərinin sözlərinə görə, polis daha sonra Anar Məmmədlinin evində axtarış aparıb və guya pul tapıb.

Daxili İşlər Nazirliyi onun saxlanmasını təsdiqləyib. Bacısı isə bildirib ki, o, Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə "bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıq”da şübhəli bilinir və "AbzasMedia” işi üzrə həbs edilib. 

Onun Bakıda müvəqqəti saxlama təcridxanasında saxlandığı bir gecədə vəkili ilə görüşə icazə verilmədiyi bildirilir.

Anar Məmmədli daha öncə 2014-cü ildə vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

"Amnesty İnternational” tərəfindən vicdan məhbusu kimi tanınıb. 

O, 2016-cı ildə əfv edilib, lakin o vaxtdan etibarən "COP29”a qədər güclənən hakimiyyət və hökumətyönlü medianın dəfələrlə hücumları ilə üzləşib.(Meydan TV)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
11
Mənbələr
Şərh ()
Bağla