AZ

Hərbi sənayedə inqilab: lazer silahları

Dünyada qütblərarası savaşın kəskinləşdiyi bir dönəmdə

Böyük Britaniya yeni nəsil lazer silahını təqdim edib.   “Dragonfire” (Odlu əjdaha) adlı lazer müdafiə sistemi əsasən hava hücumlarının dəf edilməsində istifadə olunacaq. Mütəxəssislərin fikrincə, yeni lazer müdafiə kompleksi indiyə qədərki hava hücumundan müdafiə raketlərinin daha ucuz və effektiv alternativinə çevriləcək. Onun vasitəsilə havada və quruda istənilən obyekti məhv etmək mümkün olacaq.

Lazer silahının üstünlükləri

Doğrudur, lazeri olmayan müasir zenit raketləri də hava hədəflərini effektiv şəkildə sıradan çıxarır. Ancaq effektivliyinə baxmayaraq ənənəvi raket komplekslərinin problemi çoxdur. Birincisi, həmin sistemlərin tədarükü məhduddur. Nəzərdə tutulan döyüş sursatı istifadə olunub tükəndikdən sonra bu raket sistemləri yenidən doldurulmalıdır. Bu da hərbi əməliyyatların getdiyi bir şəraitdə vaxt itkisinə səbəb olur. Döyüş zamanı isə bəzən bir saniyənin də əhəmiyyəti olur. İkinci tərəfdən, həmin raketlər çox bahadır. Onların bir ədədinin qiyməti bir neçə milyon dollardır. Digər səbəb budur ki, qiyməti ortalama 30-70 min dollardan çox olmayan kiçik  kamikadze dronların vurulmasına bahalı raketlər xeyli vaxt sərf edir. 

Belə sursatların sıradan çıxarılması üçün ən yaxşı alternativ kifayət qədər üstünlüyü olan lazerlərdir. Limitli sürətə və limitli hücum hündürlüyünə malik zenit raketlərindən fərqli olaraq hava hücumundan lazer müdafiə sisteminin hər atışı işıq sürətilə raketdən xeyli yüksəyə uçur. Bundan əlavə, lazer silahı bir neçə hədəfi minimal fasilələrlə vura bilir, ən önəmlisi isə budur ki, bir lazer atışının qiyməti bəzi hallarda bir fincan qəhvədən baha başa gəlmir. Məsələn, İsrailə məxsus “Dəmir şüa” lazer sistemindən bir atışın qiyməti iki ABŞ dollarına bərabərdir.

Ümumiyyətlə, dünyanın aparıcı hərbi gücləri ötən əsrin ortalarından lazer silahları hazırlayırlar. Bu gün İsrail, Çin və ABŞ kimi ölkələr son model lazer silahlarına malikdir. Bəzi ABŞ “esmines”lərində hava hücumundan lazer müdafiə sistemi çoxdan quraşdırılıb. Lakin ABŞ nədənsə onlardan istifadəyə hələlik üstünlük vermir. Məsələn, Yaxın Şərqdə Qərbin baş bəlasına çevrilən husilərin pilotsuz təyyarələrini lazer silahı ilə əridə biləcəyi halda, bunun əvəzinə ənənəvi raketlərdən istifadə edir. Bəzi ekspertlər bunun səbəbini amerikalıların hələ lazer sistemlərini yüksək səviyyədə təkmilləşdirməməsi ilə əlaqələndirirlər. Lakin bu versiya o qədər də ağlabatan görünmür. Çünki ABŞ hərbi sənayedə lazer silahı istehsal edən ilk ölkələrdən biridir.

Artıq lazer silahlı ölkələrin sırasına İngiltərə də qoşulub.  Britaniya ordusu bu il yanvarın 19-da Şotlandiyanın Hebrid adalarına məxsus təlim poliqonunda “Dragonfire”  lazer silahını uğurla sınaqdan keçirib. Silah hava hədəflərini anında məhv etmə qabiliyyətinə malikdir.

“Odlu əjdaha”nın fantastik gücü

“Dragonfire”ın maketi ilk dəfə 2017-ci ildə Londonda keçirilmiş “DSEI-2017” silah sərgisində nümayiş etdirilib. Elə o vaxtdan Böyük Britaniya hökuməti lazer silahının təkmilləşdirilməsi barədə məlumat verməkdən yayınırdı. İngiltərə rəsmiləri bu barədə susmağa üstünlük versələr də, bir fakt məlumdur ki, “Dragonfire” Avropanın aparıcı raket sistemləri istehsalçısı MBDA (Matra BAE Dynamics Alenia) və DSTL (Müdafiə Elmi və Texnologiyası Laboratoriyası) şirkətlərinin birgə layihəsidir. Konstruksiyanın əsas hissəsi “QinetiQ” emitterindən lazer şüası yaratmaq üçün istifadə edilən döyüş “qülləsidir”. Təxmini lazer gücü 50 kilovattdır.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olunur ki, lazer qurğusu onlarla nasosabənzər optik lifdən istifadə edir və bu liflər Britaniyada hazırlanmış xüsusi sistem vasitəsilə bir şüada “birləşir”. Bu cümlələr silahın quruluşu və konstruksiyası barədə mediaya verilən yeganə məlumatdır. Layihənin əsas texniki detalları məxfi saxlanır.

“Dragonfire” lazer qurğusu pilotsuz təyyarələr də daxil olmaqla yerüstü və hava hədəflərinə qarşı istifadə edilə, eləcə də artilleriya hücumlarının, o cümlədən qurudan hücumların qarşısının alınması əməliyyatlarında effektiv tətbiq oluna bilər. Hədəflərin elektro-optik identifikasiyası və onların izlənməsi texnologiyası kompüter vasitəsilə nümayiş etdirilib. Xüsusi ekranda düşmən hədəfləri canlandırıldıqdan sonra onların parametrləri, izlənməsi və məhvetmə variantları göstərilib.

Yeni lazer silahının əhatə dairəsi də təsnif edilib. Silah, məsələn, diametri 23,03 millimetr və qalınlığı 2,8 millimetr olan bir funt-sterlinqlik sikkəni bir neçə kilometr məsafədən vurmaq dəqiqliyinə malikdir. “Dragonfire” 10 saniyəlik iş zamanı adi məişət qızdırıcısının bir saatda xərclədiyi qədər enerji sərf edir. “Dragonfire”ın bir “atış”ının qiymətinə gəlincə, belə çıxır ki, bu, 10 funt-sterlinqdən, yəni, təxminən, 13 ABŞ dollarından aşağıdır.

“Bu tip qabaqcıl silahlar hərbdə inqilab edəcək. Onlar bahalı döyüş sursatından asılılığı, eləcə də müharibələrdə girov götürmə riskini azaldacaq”, - deyə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps mediaya açıqlamasında bildirib. Nazir onu da əlavə edib ki, Şotlandiyanın Hebrid adalarındakı sınaq poliqonunda keçirilən təlim-yoxlama əməliyyatları yeni nəsil lazer texnologiyasının istifadəyə verilməsi istiqamətində mühüm addımlardan biridir.

Mütəxəssislər isə düşünürlər ki, yeni növ lazer silahları hərbi əməliyyatlar zamanı geniş istifadə olunan pilotsuz təyyarələr əleyhinə ən yaxşı müdafiə mexanizmi statusunu qazanacaq. Bu silahların əsl sınaq (həm də satış) meydanı isə, heç şübhəsiz, uzandıqca uzanan Rusiya-Ukrayna müharibəsi olacaq.

Murad Köhnəqala

Seçilən
129
50
Mənbələr
Şərh ()
Bağla