AZ

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

Hər nə qədər Çempionlar Liqasında çıxış etmək hər bir klubun ən böyük arzusu olsa da, hamı ayağını yorğanına görə uzatmalıdır. Aparıcı Avropa ölkələrində rəqabətin dozası yüksək olduğundan, ali hədəflər uğrunda mübarizə aparan klubların sayı çoxdur. Amma son 10 ildə Azərbaycan klubları bu nemətdən məhrum olublar.

“Qarabağ” Premyer Liqada sözün yaxşı mənasında elə bir diktatura formalaşdırıb ki, digər klublar həddini yaxşı bilir.  Çempionat adına bu, yaxşı hal deyil. Amma leqaldır. Bir sözlə, hər mövsüm olduğu kimi, bu il də digər klublarımız öz taleyi ilə barışaraq Avropanın ikinci və ya üçüncü dərəcəli klub turnirlərinə vəsiqə qazanmaq üçün yarışır. Bu da klublarımız üçün təəssüf ki, minimum yox, maksimum hədəfdir.

Hazırda avrokubokara yollanmaq üçün çempionatımızda elə gərgin rəqabət yaşanır ki, bir ara az qala çempionatda qalmaq üçün yarışan komandanın belə Avropaya yollanmaq şansı var idi. Amma mövsümün sonu yaxınlaşdıqda, belə komandalar arınır.

Xatırladaq ki, Azərbaycanda çempion komandanı istisna etsək, avrokuboklara daha 3 klub yollanır. 2-3-cü yeri tutanlar və kuboku qazanan. Amma kuboku qazanan komanda 2-3-cü yeri tutursa, finalçını yox, 4-cü yeri özü ilə Avropaya daşıyır.

Hazırda turnir cədvəlinə nəzər salmalı olsaq, 7-ci yeri tutan komandanın da riyazi şansı var. Amma belə baxsaq, 2-5-ci yeri tutan komandalar arasında gərgin rəqabət yaşanacaq. Hər halda, son 4 turda çempionatda belə desək, qan su yerinə axacaq. Təsəvvür edin ki, 5-ci yerdə gedən komandanı 2-ci yerdən 1 xal ayırır. Ona görə də heç kimin yeri təmin olunmayıb. Hətta kubokun finalında “Qarabağ”la üz-üzə gələcək “Zirə” belə həm Əli, həm də Vəli aşından ola bilər. Təbii ki, bütün qeyri-müəyyənliklərin fonunda bu, məsələnin bilinən tərəfidir. Bilinməyən tərəfi isə Avropa Liqası və Konfrans Liqasının qarşıdakı mövsümdə necə təmsil olunacağımızdır.

Eynilə Çempionlar Liqası kimi, Avropa Liqası da növbəti mövsümdən etibarən yeni formatda keçirləcək. Burada da iştirakçıların sayı 36-ya qədər artırılacaq. Ümumi liqada mübarizə aparacaq komandaların hər birinin püşkatmada 4 səbətin hər birindən 2, başqa sözlə 8 rəqibi müəyyənləşəcək. Komanda 4 matçını evdə, 4-nü isə səfərdə keçirəcək. Liqanın yekununda ilk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerlərin sahibləri isə həmin mərhələyə vəsiqə qazanmaq üçün pley-offda oynayacaqlar. Burada qalib olan 8 kollektiv də 1/8 finala çıxacaq. Liqanı 25-36-cı pillələrdə bitirən komandalar üçün hər şey erkən yekunlaşacaq. Yeni formatda hər qələbə, hər xal və hər qolun əhəmiyyəti daha da artacaq.

Azərbaycan Kubokunun qalibi Avropa Liqasında 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. “Qarabağ” ölkə kubokuna sahib çıxarsa, ölkəmizi bu turnirdə çempionatı 2-ci pillədə bitirəcək komanda təmsil edəcək. İlk mərhələnin püşkatması iyunun 18-də, oyunları isə iyulun 11-də və 18-də baş tutacaq.

Turnirə ilk raundda 16 komanda qatılacaq. Hələlik onlardan yalnız birinin adı məlumdur – söhbət Qazaxıstan “Tobol”undan gedir. Norveç “Molde”sinin 2-ci təsnifat mərhələsində, Bilbao “Atletik”inin isə qrupda olacağı da dəqiqləşib. Azərbaycan təmsilçisi AL-in 1-ci təsnifat mərhələsində mübarizəni dayandırsa, yoluna Konfrans Liqasının 2-ci raundunda davam edəcək.

Konfrans Liqasının da növbəti mövsüm formatı dəyişəcək. Amma bu mənada vacib istisna var. Belə ki, burada qrup mərhələsindən əvvəl səbətlərin sayı 6 olacaq və bu səbəbdən də hər komandanın 8 deyil, 6 rəqibi olacaq.

Azərbaycanı bu turnirdə iki komanda təmsil edəcək. “Qarabağ” ölkə kubokunun qalibi olarsa, Premyer Liqada 3-cü və 4-cü yerləri tutacaq kollektivlər Konfans Liqasına yollanacaqlar. Yox, kubokun sahibi “Zirə” olarsa, onda “Qarabağ” və “Zirə” nəzərə alınmadan, ən yüksək iki pillənin sahibi KL-də iştirak edəcəklər.

blank

KL-dəki təmsilçilərimiz 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaqlar və Əsas Yolda yer alacaqlar. Mümkün rəqiblərin sayı həddən artıq çox olduğu üçün onları sadalamaq mənasızdır. KL-in 2-ci təsnifat mərhələnin püşkatması iyunun 19-da, oyunları isə iyulun 25-də və avqustun 1-də baş tutacaq. İlk raundda mübarizəyə 52 komandanın qoşulacağını qeyd edək. KL-in təsnfiat mərhələsində uduzan klub üçün avrokubok macərası başa çatır.

Bəli, biz burada nə qədər qaranlıq işıqlatmaq istəsək də, çempionatlar başa çatmadığından, bizim fənərlərimizin şüası ancaq həndəvərimizi aydınladacaq. İndiki vəziyyətdə uzaq məsafəni görmək mümkün deyil. Sadəcə, indidən bunu qeyd edirik ki, görəcəyimiz günlər qabaqdadır. Kaş bu, sözün yaxşı mənasında olsun. Çünki bizi çox maraqlı avrokubok mövsümü gözləyir.

FƏRİD

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla