AZ

Misirin maliyyə naziri Maait: BRİKS zamanla G20 səviyyəsinə çatacaq

1 yanvar 2024-cü ildə rəsmiləşən BRİKS-in yeni genişlənmə dalğasında qrupa daxil olan Misirin maliyyə naziri Məhəmməd Maait açıqlamasında Qahirənin BRİKS-ə baxışını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Maait bəyan edib ki, Rusiya və Çinin rəhbərlik etdiyi BRİKS qrupunun parlaq gələcəyi var və zaman keçdikcə G20 ilə müqayisə olunmağa başlayacaq.

“Bu qrupda ortaq məqsədləri, güclü iqtisadiyyatları və böyük əhalisi olan ölkələr var. BRİKS-in gələcəyi parlaqdır, dünyada əhəmiyyətli bir yerə sahibdir və zaman keçdikcə o, eyni şəkildə başlayan və sonra böyüyən G20 ilə müqayisə edilə biləcək hala gələcək”,- deyə o bildirib.

Rusiya rublu və Çin yuanı ilə həyata keçiriləcək kommersiya əməliyyatlarının Misir üçün əhəmiyyətli olduğunu qeyd edən Maait, bu məsələnin hazırda Misirdəki maliyyə qurumları ilə məsləhətləşdiyini bildirib. Ticarətdə istifadə edilən valyutaların şaxələndirilməsinin əhəmiyyətli iqtisadi qazanclar təmin edəcəyini vurğulayan Maait deyib: “Çin yuanı və ya rus rublu ilə ticarət əməliyyatları Misir üçün əhəmiyyətli olacaq. Bu ölkələrlə kommersiya və iqtisadi əməliyyatlarımız var və hazırda Misirdə bütün bu məsələlərlə bağlı ekspert təşkilatları ilə məsləhətləşmələr aparırıq”. Misirin maliyyə naziri Maait BRICS daxilində valyuta səbətinə toxunaraq sözlərini davam etdirdi: “Bir və ya iki valyutaya güvənmək əvəzinə, BRİKS qrupunda Çin yuanı və BƏƏ dirhəmi kimi dünyada məşhurlaşan üzv dövlətlərin valyutaları da daxil olmaqla bir çox valyutadan ibarət səbət var”.

Qeyd edək ki, 16 iyun 2009-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən qurulan BRİKS 2024-cü il yanvarın 1-dən İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Efiopiyanın iştirakı ilə genişlənib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla