AZ

Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Viorel Gutu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi təyin edilməsi münasibətilə təbrik edib. Nazir Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Görüşdə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb. Bu ərazilərdə aqrar sahə və kənd yerlərinin inkişafının prioritet istiqamətlərdən olduğu qeyd olunub. Bu istiqamətlərdə FAO ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu isə öz növbəsində Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. FAO rəsmisi COP29 çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlərə dəstək verməyə hazır olduqlarını bəyan edib. Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
 
 
 
 

 
Seçilən
45
8
Mənbələr
Şərh ()
Bağla