AZ

Mini futbol millimiz dünya çempionunu yendi, çempion oldu!

Mini futbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edib.

Arena.az xəbər verir ki, aprelin 24-dən sözügedən ölkədə təlim-məşq toplanışında olan millimiz ilk oyununu Rumıniya yığmasına qarşı keçirib.

Elşad Quliyevin çalışdırdığı yığmamız son dəqiqələrdə buraxdığı qolla bu rəqibinə uduzub – 0:1.

Komandamız 2-ci matçında Bosniya və Herseqovina ilə qarşılaşıb və 6:0 hesabı ilə qalib gəlib. Millimizin qollarını Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov vurublar.

Yığmamızın üçüncü rəqibi meydan sahibləri olublar. Azərbaycan futbolçuları monteneqrolularla görüşdən də 4:2 hesabı ilə qalib ayrılıb və qrupda 2-ci yeri tutublar. Azərbaycan yığmasının qollarına Vüsal Əliyev, Mirkamil Əliyev, Tural Nərimanov və Eşqin Tağıyev imza atıblar.

Reqlamentə görə, ilk iki yerin sahibləri finalda qarşılaşıblar. Azərbaycan millisi Rumıniya ilə həlledici matçda yenidən üz-üzə gəlib. Dünya çempionuyla görüş yığmamız üçün uğurlu alınıb. Futbolçularımız turnirin həlledici oyununda 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar. Komandamızın heyətində Mirmehdi Rzayev, Eşqin Tağıyev, Təmkin Xəlilzadə, Kamran Qürbətov və Seymur Məmmədov fərqləniblər.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüblər.

Xatırladaq ki, turnirdə Bosniya və Herseqovina, Monteneqro və Rumıniyadan başqa, Serbiya və Albaniya milliləri də iştirak ediblər. Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək mini futbol üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyırdı. Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

Seçilən
51
6
Mənbələr
Şərh ()
Bağla