AZ

"Mina xəritəsiz ola bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Təəssüflər olsun ki, Ermənistan Azərbaycan ərazisini dünyanın ən çox çirklənən ərazilərindən birinə çevirib". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli deyib.

O bildirib ki, özlərinin etiraf etdiyi xəritələrdə təkcə Ağdam, Füzulidə 97 min mina vardır: "Nə üçün kiçik bir əraziyə bu qədər mina basdırıblar? Ona görə ki, onlar minanı hərbiçilər üçün basdırmayıblar. Mülki insanlara qarşı, azərbaycanlılar oraya gedərkən minaya düşüb daha çox itki versinlər, qorxu yaransın, öz ərazilərinə qayıtmasınlar deyə ediblər. Minanı basdırmaqda əsas məqsədləri bu idi.

Birinci məqsəd, azərbaycanlıları daha çox qırmaq, ikinci, qorxu yaratmaq, dədə-baba yurdlarına qayıtmamalarını təmin etmək idi. Məqsədlərinə çatmadılar.

Azərbaycanlılar dədə-baba torpaqlarına qayıdırlar, o əraziləri bərpa edib tikirlər. Mina təmizləmə ilə yanaşı yollar çəkilir, hava limanları tikilir, hərbi hissələr yaradılır, şəhərlər, qəsəbələr qurulur. Bütünlüklə Qarabağ cənnətə çevrilir".

"Onlar ilkin dövr mina xəritələrini vermək istəmirdilər. Deyirdilər ki, guya, yoxdur. Minanı da qeyri-peşəkarlar basdıra bilməz. Ancaq peşəkar insanlar basdıra bilər. Mina xəritəsiz ola bilməz.

Qeyri-peşəkarlar basdırsa, minaya düşə bilərlər. Bu onu deməyə əsas verir ki, xəritə ermənilərdə var idi. Bizə də verilən xəritələr düzgün deyildi. Xəritələri də ona görə gec verdilər ki, əfsanə xəritələr yaradıb versinlər.

Azərbaycan dövləti bunun qarşısını almaq üçün maksimum addımlar atır. Mina Agentliyi yaradılıb. Ona xeyli vəsait ayrılıb. Xeyli sayda ştat cədvəli var, işçilər götürülüb. Müdafiə Nazirliyinin Minatəmizləmə hərbi hissələrinin sayı artırılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti minatəmizləmə ilə məşğuldur. Qardaş Türkiyə bu mövzuda Azərbaycana kömək edir.

Təəssüflər olsun ki, Avropa insan haqlarından danışır. Azərbaycan ərazilərinin minadan təmizlənməsinə də yetərincə dəstək olmadılar. Simvolik dəstək oldular, görüntü xarakteri daşıyır. Onların kifayət qədər mütəxəssisləri var idi. Amma Azərbaycan dövləti təkcə xeyli ərazini minadan təmizləyir. İnşallah qısa zamanda bu proses başa çatacaq.

Dünyada elə bir ərazi yoxdur ki, müharibədən sonra orada partlayışlar olmasın. İkinci dünya müharibəsindən uzun müddət keçməsinə baxmayaraq hələ də orada çirklənmiş zonalar var. Belə partlayış xəbərləri hələ də eşidirik. Təəssüf ki, bundan yüz faiz qorunma yoxdur. Ancaq Azərbaycan dövləti müasir texnologiyaların gücü ilə nə mümkündürsə, onu etməyə çalışır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla