AZ

Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında Fransanın müstəmləçəkilik siyasətini növbəti dəfə ifşa edib. Prezident deyib: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik.

 

Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

 

Prezident İlham Əliyevin qlobal Forumda səsləndirdiyi bu fikirlər sadəcə Fransanın müstəmləkəçilik siyasətinə etiraz deyil. Bu, həm də Azərbaycanın neokolonializmdən əziyyət çəkən, Fransanın əsarəti altında inləyən xalqlara verilən yeni bir ümid, yeni bir inamdır. Və həmin inamın kökündə bu mesaj dayanır: “Hər zaman sizinləyik!”

 

Prezidentin “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı göstərdi ki, Azərbaycan Fransa zülmündən əziyyət çəkən xalqların mübarizəsinə bundan sonra da dəstək göstərəcək, onları bu mübarizədə yarı yolda qoymayacaq. Rəsmi Bakı bundan sonra da çalışacaq ki, həmin xalqların haqlı mübarizəsi öz müsbət və məntiqi nəticəsini versin, bu xalqların azadlığı, müstəqiliyi təmin olunsun.

 

Prezident İlham Əliyevin məlum çıxışı cəsarət örnəyi kimi də bütün dünyaya nümunə sayıla bilər. Çünki bu gün heç bir dövlət Fransanın yürütdüyü neokolonializm siyasətinə qarşı Azərbaycan qədər ciddi və sistemli mübarizə aparmır.  Halbuki, əxlaqi-mənəvi və mədəni dəyərlər Azərbaycanın bu mövqeyinin digər dövlətlər tərəfindən də dəstəklənməsini tələb edir.

 

Ümid edək ki, nə vaxtsa Azərbaycandan həm ərazisinə, həm əhalisinə, həm də iqtisadi gücünə görə qat-qat böyük olan dövlətlər də ölkəmizin cəsarətindən ibrət alacaq, rəsmi Parisin beynəlxalq miqyasda həyata keçirdiyi qan və göz yaşı siaysətinə etiraz etmək cəsarəti sərgiləyəcəklər.

 

Seymur ƏLİYEV

 

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla