AZ

“Susa qayıtdıqdan sonra bir daha geri dönməyi düşünümürük” – Sus sakinləri DANIŞIR

Laçın rayonunun Sus kəndinin sakinləri doğma yurdlarına qayıtmağa hazırlaşır. Aprelin 27-də kəndə qayıdışla əlaqədar püşkatma keçirilib. Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaq.

    Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.

    Qeyd edək ki, Həkəri çayının sağ sahilində yerləşən Sus kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra Rusiya sülhməramlılarının nəzarəti altına düşsə də, cəmi 2 il sonra, 2022-ci il avqustun 26-da Azərbaycana qaytarılıb.

    Modern.az qayıdışla əlaqədar olaraq Sus sakinləri ilə əlaqə saxlayıb.

    Saytımıza açıqlamasında Sus sakini Vaqif Həsənov Laçın torpağının onun üçün şirin olduğunu bildirib:

    “Mənim 8 övladım var. İki qızım hazırda Laçında evlərindədir. Mən isə hələ ki, Xırdalanda yaşayıram. Təqaüdçüyəm. Evdə 4 nəfərik. Evlərimiz hazır olanda köç olacaq. Mən Laçında quruculuq işlərinin yüksək səviyyədə aparıldığını gördüm. Laçında o cür işlər gedir. Allah bizim Prezidentimizə ömür versin!  Biz daha qayıtmaq barədə düşünmürük. Daha öz doğma torpağımıza qayıdırıq. Torpaq bizim üçün şirindir”.

    Digər bir Sus sakini Oqtay İsgəndərov ürəkdən sevindiyini deyir:

    “32 ildən sonra biz doğma torpaqlarımıza qayıdırıq. Sus kənd sakini kimi ürəkdən sevinirik. Hazırda Bakı Humanitar Kollecinin yataqxanasında qalırıq. 2 oğlum, bir qızım var. Qızım Laçın rayon 40 nömrəli Tam Orta Məktəbində müəllim kimi çalışır. Oğlanlarım da biri mühafizə işləyir, digəri çayxana işlədir. Mən Laçın işğaldan azad olundan sonra ora hələ ki getməmişəm. Susa qayıtdıqdan sonra bir daha geri dönməyi düşünümürük. Bəli, Bakı gözəldir, paytaxtımızdır. Amma Laçın bizim üçün dədə-baba torpağı kimi doğma və əzizdir”.

    O.İsgəndərov Laçında böyük quruculuq işlərinin getdiyini vurğulayıb:

    “Bəzən gözü götürməyən adamlar hər şeydə bir səhv axtarır. Amma insafən bu qədər dağıntının qabağında xeyli işlər görülür. Laçının 128 kəndi,1 şəhəri,1 qəsəbəsi vardı.Onların hamısı yerlə yeksan olub. Təkcə Laçın şəhərini, 128 kəndi qurmaq üçün neçə illər, nə qədər vəsait lazımdır.  Bir vətəndaş kimi deyirəm ki, strukturu,  yolları hamısını ermənilər dağıdıb. Buna baxmayaraq, bu gün böyük işlər görülür”.

    Seçilən
    17
    1
    Mənbələr
    Şərh ()
    Bağla