AZ

“İmişli” həlledici məqamda büdrədi - YENİLƏNİR

Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 24-cü tura start verildi.

Günün ilk oyununda “Difai Ağsu” “doğma divarlar” arasında “Mingəçevir”i darmadağın etdi – 4:1. Meydan sahiblərinin bununla 1-ci liqada qalmağı böyük ölçüdə təmin etdiyini deyə bilərik. Çünki qələbə autsayder “Araz Saatlı” ilə xal fərqini 10-a çatdırdı. Mövsümün başa çatmasına isə cəmi üç tur qalır. Ümumiyyətlə, “Difa Ağsu” düşərgəsində bayram ab-havasının hökm sürdüyünə şübhə yoxdu. “Mingəçevir” isə hələ də sabit nəticələr qazanmağın yolunu tapa bilməyib.

İkinci matçda “Karvan” “İmişli”ni qəbul etdi. Minimal hesablı qələbəsi yevlaxlılar üçün böyük qazanc sayılmasa da, qonaqlar xeyli məyus oldu. Bəli, çempion olmaq istəyən Əsgər Abdullayevin komandası bu yolda böyük zərbə aldı. Məğlubiyyət “İmişli”ni hətta 2-ci yerdən də məhrum edə bilər.

Tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq. Əvvəlcə “Zaqatala” “Şamaxı”nı sınağa çəkəcək. Rüstəm Məmmədovun yetirmələri “Karvan”dan xeyli geridədi. Amma mövsümü 6-cı pillədə bitirmək istəyirlərsə, sona qədər qələbə üçün vuruşmalıdılar. “Şirlər” isə “İmişli”nin büdrəməsindən maksimum yararlanmağa çalışacaq. Ramiz Məmmədovun komandası fürsəti dəyərləndirməklə liderin ən yaxın izləyicisi ola bilər.

Növbəti matçda MOİK “İrəvan”la üz-üzə gələcək. Bilindiyi kimi, Qəzənfər Abbasov “hərbçilər”in çempionluq şansının az olduğunu etiraf edib. Amma bu, təslim olmaq demək deyil. Çox güman, ordu klubu bəxtini sınamaqdan çəkinməyəcək. Qərbi Azərbaycan təmsilçisinin durumu isə düzəlmir. Son 8 turda məğlub olan komanda, çətin ki, bu dəfə sürprizə imza atsın.

Tura liderlə autsayderin dueliylə yekun vurulacaq. Favorit bəllidi. “Qaradağ Lökbatan” “Araz Saatlı”ya qalib gələrək çempionluğa ən iddialı namizəd adını itirmək istəməyəcək. Qonaqlar isə mövsümün ən vacib matçında ən çətin rəqiblə üzləşir. Sensasiya gözlənilmir, amma oyunun həlledici olduğunu nəzərə alsaq, gərgin mübarizəyə şahidlik edəcəyimizə şübhə yoxdu.
1 may
Difai Ağsu – Mingəçevir 4:1
Kristian Kamta, 16; 45; 90+6. Bayraməli Qurbanov, 83 - Nihad Xəlilli, 82.
Karvan – İmişli 1:0
Uensley Ondo, 16.
2 may
Zaqatala – Şamaxı
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.
MOİK – İrəvan
Binə. Qəsəbə stadionu. Saat 16.00.
Qaradağ Lökbatan – Araz Saatlı
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.
Xal durumu: Qaradağ Lökbatan – 49, İmişli – 46, Şamaxı – 45, MOİK – 42,Karvan – 38, Zaqatala – 26, Mingəçevir – 25, İrəvan – 23, Difai Ağsu – 20, Araz Saatlı – 10.
Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 12, Seyxan Fərəcov (Qaradağ Lökbatan) – 10.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla