AZ

Milli Məclisin sədri: Mədəni irsin bərpası azad edilmiş ərazilərimizdə prioritet işlərdəndir

Milli

Bakı, 2 may, AZƏRTAC

Mədəni irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır. Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfransda səsləndirib.

O diqqətə çatdırıb ki, işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub. “İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Həmin ərazilərdə əsaslı bərpa və quruculuq işləri aparılır, tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir”, - deyə Sahibə Qafarova vurğulayıb.

Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla