AZ

“Ukraynanın Azərbaycanı Sülh sammitində iştiraka dəvət etməsi...” - Deputat

Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan Sülh sammitində iştiraka dəvət edib. Kiyev, həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk “Facebook” hesabında yazıb. Kondratyuk qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib.

Konfrans iyunda Berlində baş tutacaq.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Herbiand.az-a bildirib ki, Ukraynanın Azərbaycanı İsveçrədə keçirilməsi planlaşdırılan Sülh sammitində iştiraka dəvət etməsi anlaşılandır:

“Ukraynanı başa düşmək olar. Hər bir dövlət çalışır ki, öz ətrafına daha çox tərəfdarlar toplasın və onların siyasi, maddi imkanlarından yararlansın. Ukrayna 3-cü ildir ki, Rusiya ilə müharibə şəraitindədir. Rusiyadan fərqli olaraq, hərbi-sənaye kompleksini hərbi rejimə keçirə bilmədiyinə görə kəskin silah çatışmamazlığı ilə üzləşib. İqtisadiyyatı da həmçinin. Sosial ödəmələrdə də maliyyə problemləri olduğundan beynəlxalq birliyin dəstəyinə ehtiyac var”.

Deputat Azərbaycanın həmin sammitə qoşulmasına gəldikdə isə hesab edir ki, biz milli və dövlət maraqlarımıza uyğun davranmalı, məsafəli davranmalıyıq:

“Azərbaycan müharibə başlanan andan sülh platformasında təmsil olunan bir çox ölkələrdən operativ, daha çox humanitar yardım göstərib. Biz Ukraynanın haqlı davasını, ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Ən çətin anlarda belə humanitar yardımlar etmişik və gələcəkdə də göstərəcəyik. Baxmayaraq ki, “Böyük Qayıdış”la, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi və bərpası ilə bağlı külli miqdarda maliyyə vəsaiti tələb olunur. Nə müharibə dövründə, nə də ondan sonra bizə heç bir dövlət və yaxud beynəlxalq təşkilat tərəfindən ciddi yardım göstərilmədi. Eyni zamanda, Azərbaycanın münaqişə tərəfləri ilə özünəməxsus siyasi-iqtisadi, mədəni əməkdaşlığı, qonşuluq münasibətləri mövcuddur. Məsələ kifayət qədər həssasdır və ölçülü-biçili yanaşma tələb edir. Elə etməliyik ki, milli maraqlarımız zərər çəkməsin”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla