AZ

Qədim mətn Platonun dəfn edildiyi yeri təfsilatı ilə göstərir

Bakı, 2 may, AZƏRTAC

İtalyan tədqiqatçılarının fikrincə, qədim kitablardan yeni deşifrə edilmiş mətn nəhayət ki, yunan filosofu Platonun dəfn olunduğu yeri, həmçinin onun ölüm yatağında çalınan musiqiyə necə münasibət bəslədiyini ortaya çıxara bilər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində vulkanik kül təbəqələri altında qaldıqdan sonra kömürləşən “Herkulaneum” adlanan papirus qatlarının ekspertlər tərəfindən süni intellekt və digər texnologiyalar vasitəsilə tədqiqi davam edir.

Piza Universitetinin Filologiya, ədəbiyyat və dilçilik fakültəsinin papirologiya üzrə professoru Qraziano Ranoççianın dediyinə görə, son kəşf Platonun Afina Akademiyasındakı muzaların müqəddəs məbədinin yanındakı bağda dəfn olunduğunu göstərir. Bu yer onun üçün xüsusi olaraq ayrılmışdı. Platonun Akademiyası eramızdan əvvəl 86-cı ildə Roma komandiri Sulla tərəfindən dağıdılıb. Ranoççia CNN-ə bildirib ki, əvvəllər onun Akademiyada dəfn edildiyi faktı məlum idi, lakin dəqiq yeri göstərilməyib.

Mətn, həmçinin Platonun son gecəsi haqqında daha ətraflı məlumat verir. Görkəmli filosof orada səsləndirilən musiqinin pərəstişkarı deyildi. Keçən həftə Neapolda keçirilən təqdimatda ekspertlərin dediyi kimi, əvvəllər Trakyadan olan bir qulun ifa etdiyi “şirin notlar”ın Platonun xoşuna gəldiyinə inanılırdı. Ancaq indi mətnlər göstərir ki, ölüm döşəyində yüksək hərarətdən əziyyət çəkməsinə baxmayaraq, o, Mesopotamiyadan gələn bir ziyarətçiyə bunu şərh etdiyini söyləyən Ranoççiaya görə fleyta musiqisinin zəif bir ritm hissi olduğunu kəşf edib.

Ranoççia əlavə edir: “Platonun həmin an yüksək hərarəti var idi və ifa edilən musiqi onu narahat edirdi”.

Ranoççia Neapoldakı təqdimatda deyib ki, yeni deşifrə edilmiş mətn, həmçinin Platonun ya Sokratın ölümündən sonra 399-cu ildə, ya da adanın spartalılar tərəfindən fəth edilməsindən sonra - eramızdan əvvəl 404-cü ildə Egina adasında necə köləliyə satıldığı ilə bağlı şərtləri aydınlaşdırır. Əvvəllər onun eramızdan əvvəl 387-ci ildə Siciliyada olarkən köləliyə satıldığına inanılırdı.

Mətn Pompeydən təxminən 20 kilometr aralıda yerləşən dənizkənarı Herkulaneumda yaşayan Yuli Sezarın qayınatasına aid olduğu güman edilən binada XVIII əsrdə aşkar edilmiş 1800-ə yaxın yandırılmış papirusun bir hissəsidir.

Mütəxəssislər qismən məhv edilmiş papiruslardan əvvəllər gizlədilən mətnin ardıcıllığını oxumaq üçün optik koherens tomoqrafiya, təsvir texnologiyası və infraqırmızı hiperspektral təsvirlərlə birlikdə süni intellektdən istifadə edirlər.

“Yunan məktəbləri” adlanan layihə kövrək papirusların deşifrə edilməsinə kömək etmək üçün müxtəlif texnologiya və üsullardan istifadə edilən beşillik tədqiqatdır.

“Yunan məktəbi” papirus layihəsinin redaktoru Kilian Fleişer Neapoldakı təqdimatda bildirib ki, mətn həcminin artması təxminən 10 yeni orta ölçülü papirus parçasının kəşfinə uyğundur. Yeni oxunuşlar çox vaxt Platonun Akademiyası, Ellinistik ədəbiyyat, Qadarenli Filodem və ümumiyyətlə antik tarix haqqında yeni və konkret faktlara əsaslanır.

 

 

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla