AZ

Baş məşqçi: Beynəlxalq turnirdəki qələbə Avropa çempionatı öncəsi böyük motivasiya oldu

Baş

Bakı, 2 may, AZƏRTAC

“Turnirdəki oyunlarımız olduqca yaxşı və maraqlı alındı. Güclü və zəif tərəflərimizi gördük”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalib olmaları barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, bu turnirdə qazanılan qələbə Avropa çempionatı öncəsi böyük motivasiya olub: “Bir ay sonra bizi qitə birinciliyi gözləyir. Hazırlıqlarımız davam edir. Əsas məqsədimiz oyunçuların fiziki durumunu görmək idi. Son dünya çempionu Rumıniya ilə iki matç keçirdik. Nəticə bizim xeyrimizə oldu. Belə güclü komandaya qalib gəlmək bizim üçün xoşdur”.

E. Quliyev komandasının heyətində iki oyunçunun turnirin ən yaxşısı seçilməsinə münasibət bildirib: “Turnirin ən yaxşı oyunçusu seçilən Elvin Əlizadə yığmamızın lideridir. Ən yaxşı qapıçı adına layiq görülən Vəli Qafarov isə dünya çempionatında özünü yaxşı tərəfdən göstərmişdi. Ən yaxşı iki oyunçunun məhz bizim komandadan seçilməsi məni qürurlandırdı. Hər birini bu münasibətlə təbrik edirəm. İnanıram ki, Avropa çempionatında da baxımlı oyun nümayiş etdirəcəklər”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına hazırlıq xarakteri daşıyan beynəlxalq turnirdə dörd görüş keçirib. Yalnız ilk oyunda məğlub olan yığma ardınca Bosniya və Herseqovinanı 6:0, Monteneqronu 4:2, Rumıniyanı 5:4 hesabı ilə üstələyib.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla