AZ

“Məhz bu səbəbdən “Sabah” bizdə böyük rəğbət yaratdı”

“Sabah”ın yeni azarkeş qrupu yaradılıb.

Yeni yaradılmış “Fratelli Del Sabah”ın üzvləri yerli və əcnəbi iş adamları, bloggerlər və influenserlərdən ibarətdi. İtalyan dilindən tərcümədə “Sabah”ın qardaşları” adlanan fan kluba üzvlük xüsusi seçim və qaydalar əsasında həyata keçirilir. “Futbol+” olaraq, sözügedən azarkeşlər qrupu ilə bağlı daha ətraflı məlumat almaq üçün türkiyəli iş adamı, “Fratelli Del Sabah” fanklubunun təsisçilərindən Mehmet İləri ilə əlaqə saxladıq:

“Artıq iki mövsümdü “Sabah”ın oyunlarını yaxından izləyirəm. Türkiyədə “Fənərbaxça”ya azarkeşlik edirəm. 5 yaşımdan bu klubun oyunlarını stadiondan izləyirəm. Xaricdə olduğum zaman da fürsət olduqca futbol matçlarına gedirəm. Azərbaycanda da bir çox oyuna getmişəm. Bəzi matçları stadiondan ailəmlə birlikdə izləmişəm. “Fratelli Del Sabah” fanklubunu “Sabah”ı dəstəkləyən dostlarımızla birlikdə qurduq. Əsas məqsədimiz matçlarını daim stadiondan izlədiyimiz “Sabah”a daha yaxşı dəstək olmaqdı. “Sabah” 2017-ci ildə qurulmuş, gənc olmasına rəğmən, uğurları olan bir klubdu. Klub bu qısa müddət ərzində strukturlaşmadan tutmuş müsbət imicin formalaşmasına kimi bir çox sahədə özünü tanıdıb, bu istiqamətində böyük işlər görüb. Klubun gələcəklə bağlı böyük hədəfləri var. Məhz bu səbəbdən “Sabah” bizdə böyük rəğbət yaratdı və bu kluba stadiondan ən yaxşı şəkildə dəstək olmaq qərarına gəldik. Əvvəla məqsədimiz Azərbaycan futboluna olan marağı daha da artırmaq, matçlar zamanı daha çox insanı stadionlara cəlb etməkdi. Yerli futbolu hər kütlədən olan insanlara daha da sevdirmək, “Sabah”a verəcəyimiz dəstəklə komandamızın daha da uğurlu olmasına töhfə vermək əsas hədəfimizdi. Biz dəstəyimizi, sadəcə, stadionda yox, həmçinin reallaşdırmağı planlaşdırdığımız sosial layihələri bütün Azərbaycanda həyata keçirmək niyyətindəyik. Hədəfimiz “Sabah”ı və futbolu daha da geniş kütləyə çatdırmaq, həmçinin stadionları dünyanın bir çox ölkəsində olduğu kimi, əsas diqqət mərkəzinə daşıyaraq daim komandamızın arxasında təkanverici güc halına gəlmək, yəni 12-ci oyunçu olmaqdı. Bütün “Sabah” azarkeşləri ilə birlikdə komandanın uğurlarına töhfə verəcəyimizə inanırıq”.


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla