AZ

Dünya Kuboku növbəti dəfə Bakıda

Mayın 2-11-i aralığında ölkəmiz atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bununla bağlı dünənBakı Atıcılıq Mərkəzində mətbuat konfransı keçirildi.
Konfransda Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftahətdinova, AAF-ın baş katibi Emin Cəfərov, Beynəlxalq İdman Atıcılığı Federasiyasında Texniki Komitənin üzvü Abdulla Əl-Hammadi, Beynəlxalq İdman Atıcılığı Federasiyasının Tüfəng Komitəsinin sədri Devid Qudfelou jurnalistlərin suallarını cavabladı.

Konfransı giriş sözü ilə açan Emin Cəfərov turnirlə bağlı məlumat verdi:
“Ölkəmizdə keçirilən Dünya Kubokunda 84 ölkədən 86 federasiya, 700 idmançı, 400-ə yaxın texniki nümayəndə iştirak edir. Azərbaycan komandası 43 atıcı ilə təmsil olunacaq”.

O, belə mötəbər turnirə 8-ci dəfə evsahibliyi etməyin xoşbəxtlik olduğunu bildirdi:
"İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edib. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər, yarış komandamız üçün uğurlu olacaq”.

AAF rəsmisi 25 və 50 metr məsafələrə atışların iki dəfə keçiriləcəyini söylədi:
“Buna səbəb fevralda İspaniyada reallaşan Dünya Kubokunda sözügedən atışların müəyyən səbəblərdən baş tutmamasıdı”.

Cəfərov yarış iştirakçılarına uğur arzuladı:
“İnanırıq ki, maraqlı turnirə şahidlik edəcəyik. İdmançılarımıza, xüsusən də gənclərə inanırıq”.

Abdulla Əl-Hammadi ölkəmizdə təşkil olunan yüksək səviyyəli tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür etdi:
“Azərbaycana gəlmək mənim üçün həmişə xoşdu. Ölkənizdə müxtəlif növ idman yarışları yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, budəfəki Dünya Kubokundan da məmnun qalacaqsıız. Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də Atıcılıq Federasiyasının prezidentinə və vitse-prezidentinə təşəkkür etmək istəyirəm. Hava limanına endiyimiz andan yalnız xoş münasibət, qonaqpərvərlik görməkdəyik. Dünyanın müxtəlif ölkələrində olmuşam. İnanın, belə şərait hər yerdə olmur. Belə qonaqpərvərliyə və təşkilatçılığa görə cənab İlham Əliyevə və Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Hava limanından bura qədər hər şey möhtəşəm idi. Bizi qarşıda maraqlı mübarizə gözləyir”

Bakıya ilk dəfə gələn britaniyalı Devid Qudfelou da gördüklərindən məmnundu:
“Bu gün burda olmaqdan məmnunam. Atletlər yarışın formatından məlumatlıdı, Paris- 2024-ün reqlamenti ilə eynidi. İlk dəfə Bakı Atıcılıq Mərkəzindəyəm. Olduqca məmnun qaldığımı deməliyəm. İnanıram ki, Dünya Kubokunda iştirak edən atletlərin hər biri burada mübarizə aparmaqdan zövq alacaq. Təbii ki, illər keçdikcə qaydalarda müəyyən dəyişikliklər olur. Lakin əsas məqsədimiz sabitliyi tənzimləməkdi. Yarışın gedişində hər şeyi özünüz görəcəksiz. Dünya Kubokunun şəffaf keçirilməsinə çalışacağıq”.

AAF-ın vitse-prezidenti Zemfira Meftahətdinova yarış iştirakçılarına uğur arzuladı:
“Ölkəmizə təşrif buyuran idmançılara, nümayəndələrə və bütün qonaqlara “xoş gəlmisiz” deyirəm. Son vaxtlar atıcılarımız nəticələri ilə bizləri sevindirirlər. Fürsətdən istifadə edib həm azərbaycanlı, həm də başqa ölkələrdən olan atletlərə uğur arzulayıram. Güclü qalib gəlsin. Atıcılarımız həmişə ölkəmizi nüfuzlu turnirlərdə layiqincə təmsil edir. Əli Hüseynli, Nurlana Cəfərova, Nigar Nəsirova kimi istedadlı atıcılarımız lisenziya turnirlərində qüvvəini sınadı. Onların lisenziya qazanmaq üçün şansları var idi. Finala qədər irəliləmişdilər. Nəticələr onu göstərir ki, bu idman növü Azərbaycanda yetərincə inkişaf edib”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla