AZ

İspaniya millisinin baş məşqçisi: “Prezident kuboku”na maraq ildən-ilə artır” - MÜSAHİBƏ

İspaniyanın kanoe və avarçəkmə üzrə komandasının baş məşqçisi Albert Korominasın İdman.bizə müsahibəsi

- “Prezident kuboku” beynəlxalq reqatasının ilk günündə iki bürünc medal qazanmısız. Nəticələr sizi qane edirmi?

- ⁠Komandamızla birlikdə bu yarışa yaxşı hazırlaşmışdıq. Bu, bizim üçün böyük təcrübədir. Çünki belə yarışlarda təcrübəmizi artırmaqla yanaşı, idmançıların inkişafı və gələcəkdə lisenziya qazanması üçün faydalıdır. Növbəti yarışlarda da yaxşı nəticələrlə vətənə dönəcəyimizə ümid edirəm.

- Artıq ikinci ildir bu reqataya qatılırsız.

- ⁠Bəli. İkinci ildir ki, Mingəçevirdə Kürdə keçirilən yarışda öz gücümüzü göstəririk. Qatıldığımız ilk reqatadan çox yaxşı təəssüratlarla ayrıldığımız üçün ikinci dəfə də bura gəlməyə qərar verdik. Hazırda da yarış çox həyəcanlı və əhəmiyyətli keçir.

- ⁠Ötən illə müqayisədə “Prezident kuboku”nda nəyi fərqləndirərdiz?

- ⁠Əslində, ümumi mahiyyət etibarı ilə çox dəyişiklik yoxdur. Bu il iştirak edən ölkələrin sayı çoxdur. Bu da onu göstərir ki, yarışa olan maraq ildən-ilə artır.

- ⁠Bəzi avarçəkənlər ilk gündə hava şəraitinə görə suyun dalğalı olmasının nəticələrinə təsir etdiyini deyib. Siz necə düşünürsünüz?

- ⁠Mən belə fikirləşmirəm. Ötən günlə bu gün arasında hava şəraiti baxımından suyun dalğalı olması ilə bağlı bir fərq görmürəm. Yeganə dəyişiklik məkanlardır. Ötən gün Suqovuşanda, bu gün isə Mingəçevirdə yarış keçirilir.

- ⁠Yekunda komandanızdan neçə medal gözləyirsiz?

- ⁠İdmançıların artıq ikisi medal əldə edib. Bu, bizim üçün böyük uğurdur. Lakin bununla kifayətlənməyəcəyik. Dayanmaq olmaz. Bütün gənc idmançılarımızdan yaxşı nəticə gözləyirik. Yarış sabah da davam edəcək. Hazırda da avarçəkənlərimiz Kürdə mübarizə aparırlar. İnanıram ki, məni yanıltmayacaqlar və medalların sayı artacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
Mənbələr
Şərh ()
Bağla