AZ

Kristiano Ronaldo “Əl-Nəsr”i kubokun finalına daşıdı - Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinal mərhələsində “Əl-Xalic”lə matçın iştirakçısı olub.

Paytaxtın “Kral Səud Universitenin Stadionu”nda keçirilmiş oyun “Əl-Nəsr”in 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Nəcd cəngavərləri”nin portuqal ulduzu qələbəyə iki qolla töhfəsini verib. Ulduz hücumçu 17-ci və 57-ci dəqiqələrdə Yahya Aymanın ötürmələri ilə fərqlənib. Digər qolu isə seneqallı hücumçu Sadio Mane 37-ci dəqiqədə penaltidən vurub. “Əl-Xalic”in gücü 82-ci dəqiqədə Favaz Əl-Teraisin vurduğu təsəlli qoluna çatıb.

Oyundan sonra Ronaldo adəti üzrə özünün sosial şəbəkə hesabı üzərindən ilhamlandırıcı çağırış edib:

“Kral Kubokunun finalı! İrəli!” – portuqal ulduz paylaşıb.

Beləliklə, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında ölkə futbolunun nəhəngi “Əl-Hilal”la qarşılaşacaq. Final oyunu mayın 31-də keçiriləcək.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 38 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 29 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi (39) üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
5
Mənbələr
Şərh ()
Bağla