AZ

Qərb və Rusiya Gürcüstanda toqquşdu: Regionu nə gözləyir?

Gürcüstanda qalmaqallı qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları davam edir. Tiflisdə parlament binasının bütün girişləri polis, xüsusi təyinatlılar tərəfindən tərk edilib. Etirazçılar baş nazir və hökuməti Rusiya ilə əməkdaşlıqda günahlandırır və yeni qanun layihəsinin qəbul olunmasına kəskin etiraz edirlər. 

Son günlər daha da hiddətlən etirazçılar parlament binası ətrafından başqa digər yerlərdə də aksiya keçirirlər. 

Bəs davam edən etiraz aksiyalarının fonunda, Gürcüstanı hansı aqibət gözləyir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, hazırda Gürcüstanda geosiyasi oyunlar gedir: 

“Azərbaycan regionda stabilliyin tərəfdarıdır və Gürcüstanda baş verən hadisələr bu və digər formada regiona təsir göstərir. Nəzərə alsaq ki, Gürcüstanda baş verən hadisələr vəziyyəti müəyyən qədər qeyri-stabil hala gətirir və burada kənar qüvvələrin rolu var. Məlum qanunun qəbulu ilə bağlı ABŞ və Avropa İttifaqından səslənən tənqidi fikirlər vəziyyəti bir az da gərginləşdirir. Gürcüstanın hazırki prezidenti Salome Zurabaşvili faktiki olaraq etirazçı kütlənin liderinə çevirilib. Onun Qərblə, xüsusilə Fransa ilə yaxın əlaqələrini nəzərə aldıqda, Gürcüstan üzərindən böyük geosiyasi oyunların getdiyini görə bilərik”. 

Politoloq hökumətin etiraz aksiyalarına tab gətirmə gücündə olduğunu qeyd edib: 

“Gürcüstanda vəziyyətin gərginləşməsi həm də ilin sonuna doğru orada keçiriləcək parlament seçkiləri ilə bağlı məsələdir. Etiraz edən müxalif qüvvələr bir növ payızda keçiriləcək seçkilərə hazırlaşırlar və indidən təşəbbüsü ələ almağa çalışırlar. Onların və Zurabaşvilinin hökumətə əsas tənqidi Gürcüstanın Rusiya ilə koordinasiya ilə addımlar atmasıdır. Bu qanun da Rusiyanın maraqlarına xidmət edir. Bu baxımdan Gürcüstanda baş verən proseslərin fonunda görünən odur ki, hakimiyyət proseslərə nəzarəti davam etdirir. Onun bu etirazların qarşısında durmaq üçün potensialları hələlik kifayət qədərdir. Müxalifət təbii ki, əvvəlki gücündə deyil. Qanunun ikinci oxunuşda da qəbul edilməsi də məhz bunu göstərir”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla