AZ

Yavər Rəhimovla bağlı tədbir görüləcək

“Onun azarkeşlərlə poelmikaya girməsi də yanlış addımdı”

Misli premyer-liqasının 32-ci turunun “Qəbələ” – “Kəpəz” qarşılaşması bir çox məqamla yadda qaldı. Əsas məsələ “qırmızı-qaralar”ın premyer-liqanı tərk edəcəyinin rəsmiləşməsidi. “Sarı-göylər” isə yola arxayın davam edəcək. Oyunun əhəmiyyətini nəzərə alsaq, meydandakı hərarətin, rəqabətin və gərginliyin səviyyəsini təxmin etmək çətin deyil. Hətta bunu anlamaq üçün stadionda olmağa belə ehtiyac yoxdu. Lakin sonradan məlum oldu ki, tribunalarda yer almaq, matçı yerində və diqqətlə izləmək üçün başqa səbəblər ortaya çıxıb.

Əvvəl nəyi nəzərdə tutduğumuzu izah edək. Bilindiyi kimi, oyunun AFFA nümayəndəsi Yavər Rəhimov idi. Qurumun ölkə futbolundakı ağırlığı və səlahiyyətləri hər kəsə bəllidi. İşin ürəkağrıdan tərəfi isə Yavər bəyin ya bundan xəbərsizliyi, ya da məsuliyyətinin öhdəsindən gələcək qədər peşəkar olmamasıdı. Yoxsa stadionun A zonasında, üstəlik oyunun davam etməsinə baxmayaraq, tütün məmulatından istifadə etməyin qadağan olduğunu bilərdi!
Məsələ bununla bitmir. İddialara görə, Rəhimov müxtəlif şüarlarla “Qəbələ”ni dəstəkləyən azarkeşlərə səs-küy saldıqları üçün xəbərdarlıq edib. Tərəfdarların etiraz edərək “bəs tribunaya niyə gəlmişik? Əlbəttə, səsimiz çıxmalıdı!” cavabı onu daha da hiddətləndirib.Yavər bəyin cavabı isə təhdid dolu olub: “indi sizi stadondan qovacam”.
Görünür, o, azarkeşlərlə birbaşa dialoq qurmağın məqsədəuyğun sayılmadığını da bilmir! Ümumiyyətlə, AFFA nümayəndəsinin səlahiyyətinə oyunun təşkilinə və keçirilməsinə nəzarət etmək daxildi. O, bütün bunları yerinə yetirəndən sonra PFL-i məlumatlandırmalı, meydanda, yaxud kənarda olmuş insidentlər barədə raport yazmalıdı. Maraqlıdı ki, Yavər bəy bununla bağlı tədbirlərin görülməsi üçün çalışan şəxs olmaq əvəzinə hadisələrin iştirakçısı olmaqdan çəkinmir. Belədə matçda iştirak edən azarkeşlərin və başverənlərdən xəbərdar olan şəxslərin AFFA nümayəndəsi üçün cəza tələb etməsi də haqlı görünür. Bəs bu yöndə hansısa addım nəzərdə tutulubmu? Növbəti matçlarda da belə xoşagəlməz insidentlərin yaşanmaması üçün nə etmək lazımdı?

“Futbol+” qəzetinin bu suallar əsasında sorğusuna PFL-dən gələn cavabla tanış olaq:

“Biz belə halların yaşanmaması üçün AFFA nümayəndələrinə təlimatlar veririk. Tövsiyə və tələblərimiz davamlı olduğundan bu hadisə bizim üçün də gözlənilməz oldu. Bilindiyi kimi, bütün stadionlarda siqaret çəkmək üçün icazə verilən yerlər var. Lakin A zonası bura daxil deyil. Təəssüf ki, Yavər Rəhimov səhvə yol verib. Məsələ ətraflı araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Bununla bağlı adı çəkilən AFFA nümayəndəsinə xəbər vermişik. Onun azarkeşlərlə polemikaya girməsi də yanlış addımdı. Tərəfdarlar tərəfindən təhqirlər səsləndirilsə belə, birbaşa ünsiyyət qurulmamalıdı. Görülməli iş klub nümayəndəsinə və mühafizə xidmətinə məlumat verməkdi. Bununla yanaşı, diktora müraciət edilə bilər ki, stadionda olan şəxslərə xəbərdarlıq olunsun. Bu tədbirlərə baxmayaraq, məsələ həll edilməsə, hesabatda müvafiq qeydlər aparılmalıdı. Növbəti mərhələdə başverənlər AFFA İntizam Komitəsinin iclasında müzakirə edilməli, uyğun addımlar atılmalıdı. Yavər Rəhimovun davranışının səbəbinə gəlincə, o, ünvanına təhqir səsləndirildiyinə görə emosional davrandığını bildirdi”.


KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla