AZ

San Paulu derbisində qolsuz “sülh”

Startı aprelin 13-də verilən Braziliya çempionatının yeni mövsümündə 4 tur arxada qalıb.

“Football-plus.az” xəbər verir ki, A seriyasında aprelin son günlərində keçirilən oyunlardan sonra vahid lider müəyyənləşdi.

Brazileyrao-2024-ün ilk turları rəqabət planında kifayət qədər maraqlı keçir. Diqqəti daha çox cəlb edən faktlar ötən mövsümün mükafatçılarının startda həddən artıq xal itirməsi ilə bağlıdı. Son çempionun hazırkı göstəriciləri xüsusi vurğulanmalıdı. Yeni mövsümə səfərdə “Vitoriya” üzərində minimal hesablı qələbə ilə başlamyan “Palmeyras” sonrakı üç matçda hesabına yalnız 2 xal yaza bilib. Abel Ferreyranın komandası hesabat turunda çətin sınaqla qarşılaşdı. Söhbət San Paulu derbisində şəhərin eyniadlı komandası ilə səfər oyunundan gedir. Xatırladaq ki, “San Paulu” mövsümə ardıcıl iki məğlubiyyətlə başlamışdı. Rəhbərlik belə başlanğıcdan sonra baş məşqçi vəzifəsinə yanvarda təyinat alan Tyaqo Karpinini istefaya göndərmiş və braziliyalı mütəxəssisin yerinə Luis Subeldiyanı təyin etmişdi. 43 yaşlı argentinalı mütəxəssisin yeni komandasındakı debütü uğurlu alınmışdı. Əvvəlki turun səfər oyununda “Atletiko Qoyaniense”yə 3:0 hesabıyla qalib gələn “San Paulu” derbiyə yaxşı əhval-ruhiyyədə çıxdı. Ev sahibləri “Palmeyras” ilə matçda topa daha çox – 55 faiz sahib oldular. Subeldiyanın komandası qapıya 16 zərbə endirdi, amma bunlardan yalnız biri “çərçivə”yə düşdü. Çempionda bu planda göstəricilər isə uyğun olaraq 9-a və 3-ə bərabər oldu. “Yaşıllar”ın hər üç zərbəsini “San Paulu”nun 34 yaşlı qapıçısı Rafael dəf etdi. Əzəli rəqiblərin arxa xətdə daha yaxşı təsir bağışlaması derbinin qolsuz nəticələnməsinə daha çox təsir etdi. Beləliklə, “Palmeyras”ın qələbəsiz oyunlar seriyası 3-ə çatdı. Çempionun ilk 4 oyunda 5 xal qazanması və yalnız bir qol vurması diqqətdən yayına bilməz. Belə göstəricilərin fonunda Ferreyranın komandasının 12-ci yerdə olması məntiqəuyğun sayılmalıdı.

Vitse-çempion “Qremio”nun hazırkı göstəriciləri bir qədər yaxşıdı. İlk turun səfər oyununda “Vasku da Qama”dan xal ala bilməyən (1:2) Renato Qauşunun çalışdırdığı komanda uğursuz startın əvəzini evdə “Atletiko Paranaense”yə 2:0, “Kuyaba”ya 1:0 hesabıyla qalib gəlməklə çıxmışdı. Amma portu aleqrililər üçün növbəti səfər sınağı da uğursuz alındı. “Bayya”ya mnimalhesablı mğlubiyyət “Qremio”nun 6 xalla 9-cu yerdə peyda olmasını şərtləndirdi.

Son mövsümün bürünc mükafatçısı “Atletiko Mineyro” ilk üç turda 5 xal qazanmışdı. Qabriel Militonun çalışdırdığı komanda səfərdə “Kuyaba”dan maksimum xal aldı. Üç cavabsız qolla qalib gələn belu orizontelilər indi 8 xalla 2-ci yerdədilər.

İlk 3 turdan sonra yüksək liqada ikihakimiyyətlilik yaranmışdı. “Braqantino” hesabat turunda “Fortaleza” ilə qollu heç-heçəyə (1:1) nail oldu. Səfərdə itirilən 2 xal braqançalılara 1-ci yeri itirmək bahasına başa gəldi. Hesabat turu ərəfəsində onlar kimi 7 xala malik olan “Flamenqo” isə evdə “Botafoqo”dan xal ala bilmədi. Rio de Janeyro derbisi qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələndi. Derbinin qəhrəmanı qol vurub məhsuldar ötürmə edən Savarino oldu. 27 yaşlı venesuelalı hücumçunun mükəmməl oyunu “Botafoqo”nu vahid liderə çevirdi. Braziliya klubuna apreldə “Braqa”dan ayrılmaqla təyinat alan portuqaliyalı Artur Jorjenin komandası ardıcıl üç qələbə ilə zirvəni ələ keçirdi. Titenin çalışdırdığı “Flamenqo” isə bu mövsüm ilk məğlubiyyətdən sonra 2-ci yerdən 8-ə düşdü.
İlk 4 turdan sonra diqqəti cəlb edən digər fakt futbolçuların qol vurmaq keyfiyyəti ilə bağlıdı. Hazırda A seriyasında birdən-birə 20 oyunçu hərəyə 2 qolla bombardirlərin siyahısında şərikli liderdi.

4-cü tur
San Paulu - Palmeyras 0:0
Bayya – Qremio 1:0
Everaldo, 17.
Kuyaba - Atletiko Mineyro 0:3
Varqas, 28. Qustavo Skarpa, 61. Paulinyo, 78-p.
Flamenqo - Botafoqo RJ 0:2
Luis Enrike, 53. Savarino, 90+3.
Fortaleza – Braqantino 1:1
Andrade, 9 – Eduardo Saşa, 40.
Korintians - Fluminense 3:0
Uesli, 40; 45+2. Kaka, 47.
İnternasyonal - Atletiko Qoyaniense 1:1
Borre, 55 – Derek, 50.
Juventude - Atletiko Paranaense 1:1
Erik Farias, 8 – Nikao, 73.
Kruzeyro - Vitoriya 3:1
Mateus Pereyra, 50. Rafa Silva, 58. Artur Qomes, 75 – Lukas Silva, 52-öz qapısına.
Vasku da Qama - Krisiuma 0:4
Felipe Mateus, 32; 47. Bolasi, 55. İqor Meritao, 69.

1. Botafoqo RJ 4 3 0 1 10-4 9
2. Atletiko Mineyro 4 2 2 0 7-1 8
3. Braqantino 4 2 2 0 6-4 8
4. Atletiko Paranaense 4 2 1 1 6-3 7
5. Bayya 4 2 1 1 6-5 7
6. İnternasyonal 4 2 1 1 4-3 7
7. Kruzeyro 4 2 1 1 7-7 7
8. Flamenqo 4 2 1 1 4-4 7
9. Qremio 4 2 0 2 4-3 6
10. Krisiuma 3 1 2 0 6-5 5
11. Fortaleza 3 1 2 0 4-3 5
12. Palmeyras 4 1 2 1 1-1 5
13. Juventude 4 1 2 1 5-7 5
14. San Paulu 4 1 1 2 5-4 4
15. Korintians 4 1 1 2 3-3 4
16. Fluminense 4 1 1 2 5-8 4
17. Vasku da Qama 4 1 0 3 4-9 3
18. Vitoriya 3 0 1 2 3-6 1
19. Atletiko Qoyaniense 4 0 1 3 2-7 1
20. Kuyaba 3 0 0 3 0-8 0

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla