AZ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Bakı, 2 may, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Bahar Muradova ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusunda panel sessiyanın təşkil olunduğunu vurğulayıb və bu sahədə müzakirələrin aparıldığını diqqətə çatdırıb. İnsan hüquqlarının təmin olunmasında belə formatlarda keçirilən görüşlərin önəminə diqqət çəkən sədr, bu imkanlardan maksimum yararlanmağın vacibliyini bildirib.

AQUPDK-nın sədri Betti Amongi Ongomun beynəlxalq miqyasda fəaliyyətini yüksək qiymətləndirib və müvafiq sahələrdə qarşılıqlı fəaliyyətlərin intensivləşdirilməli olduğunu vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini deyən sədr, ölkəmizin Uqanda və Hərəkata üzv olan digər dövlətlərin də dəstəyi ilə verdiyi mesajların, atdığı mühüm addımların bütün dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesinə böyük töhfə olduğunu bildirib. Qarşıdakı illərdə də bu prosesin davamlı xarakter alacağına inamını ifadə edib.

Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Prezident İlham Əliyevin açılış nitqində verdiyi mesajları xüsusi vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirən qonaq, ölkəmizin Hərəkatın təsisatlanması istiqamətində də mühüm addımlar atdığını və bir sıra əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü qeyd edib.

Sonda hərəkatın “Qadın hüquqlarının inkişafı və səlahiyyətləndirilməsi üzrə Konfrans”ından bəhs edən qonaq nazir, qadın hüquqları ilə bağlı müxtəlif sahələrdə həyata keçirilə biləcək birgə və əlaqələndirilmiş fəaliyyətin həmin tədbirdə qəbul edilmiş sənədlərin müsbət icrası baxımından faydalı olacağını söyləyib.

Görüşdə müvafiq sahələr üzrə koordinasiyanın gücləndirilməsi məsələləri ətrafında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla