AZ

Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..

 
“Bu fikirlərlə gəlib çıxdım Kəlbəcər rayon mərkəzinə. Rayon partiya komitəsinin birinci katibi Səfər Verdiyev idi. Heç bir göstərişsiz-filansız İstisuya dair hazırladığım təklifləri onlara oxudum. Çox sevindilər ki, deyəsən, bu işə ciddi yanaşan adam tapılıb...”
 
Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi dağlar gözəli, cənnətməkan  Kəlbəcərdə də tikinti-quruculuq işlərinə start verilib. Digər rayonlarımızla müqayisədə sərt dağlıq relyefi və iqlimi ilə seçilən bu ərazidə hər hansı tikinti işi aparmaq, layihə icra etmək həddindən artıq böyük zəhmət, eneji, vəsait tələb edir. Hələ texnika və texnologiyanın inkişaf etdiyi, Azərbaycanın geniş iqtisadi-maliyyə imkanlarına malik olduğu indiki zamanda... Bəs görəsən, 1950-ci illərdə, hələ nəinki dağ kəndlərinə, arandakı bir sıra rayon mərkəzlərinə belə, elektrik və radio xəttlərinin yenicə çəkildiyi, adi texniki qurğuların, yük avtomobillərinin, buldozerlərin və s. qıt olduğu bir dövrdə Kəlbəcər kimi dəniz səviyyəsindən 2000-3000 metr yüksəklikdə yerləşən bir ərazidə hər hansı bir obyektin tikintisi necə başa gəlirdi?..
 
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə  Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri kimi çalışmış  Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabının “AHİŞ, may 1958” başlıqlı bölməsində Kəlbəcərdəki məşhur İstisu mineral bulağı ətrafında 1920-ci illərdə bəsit bir şəkildə tikilmiş, lakin sonradan, xüsusən İkinci Cahan savaşı illərində nəzarətsiz qalaraq uçulub-dağılmış sanatoriyadakı bərpa və yeni tikinti işlərinin özünün təşəbbüs və səyləri ilə sürətləndirilməsindən, ümumiyyətlə, respublikada Naftalan, Şuşa, Masallı və s. bölgələrdə kurort-sanatoriyaların tikilməsindən,  fəhlələr üçün istirahət və müalicə şəraitinin yaradılmasından və s. bəhs edir.  
Aktuallığını nəzərə alaraq sözügedən kitabdan parçanı Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“Nəhayət, Azərbaycan Həmkarlar İttifaqları Şurasına(AHİŞ) sədr gəldim. Hər şeyə fikir verir, nədən və necə işə başlayacağımı götür-qoy edirdim.  Çox fikirləşmədən qərara gəldim ki,  Azərbaycanın səhiyyə- sağlamlıq ocaqlarından, sanatoriyalardan, istirahət evlərindən başlayım...
 
Hələ Sumqayıtda işləyən zaman biz Daşkəsənlə, Gürcüstanın Rustavi şəhəri ilə yarışırdıq. Bir dəfə yarış dostlarımızın yanından qayıdanda yol yoldaşlarıma dedim ki, siz mənsiz qayıdın,- bu İstisu haqqında nə qədər danışsalar da, iclaslarda ondan nə qədər söz salsalar da, o hələ yerindən tərpənmir, - gərək gedib onu görəm. Oraları qaydaya salıb abadlaşdıran yoxdur. İstisuyu görmək istəyirəm...
 
Yevlaxdan İstisuya gedəcəkdim. Yevlaxdan o yana isə heç yeri tanımırdım. Gecə xəbər ala-ala, Tərtərdən, Mardakertdən(Ağdərə-S.L.) çox çətin, xaraba yollarla səhərə yaxın İstisuya gəlib çıxdım...
İstisuda nə görsəm, yaxşıdır. Bir neçə təşkilatdan 5-6 adam gəlib ki, guya İstisuyu tikib quracaqlar. Nə elektrik enerjisi var, nə də yolları... Xırda təşkilatlar biri-birindən inşaat materiallarını oğurlamaqla məşğuldurlar...
İki gün İstisuda qaldım. Araşdırdım, bu cür mühüm əhəmiyyətə malik müalicə ocağını tikib, abadlaşdırıb xalqın istifadəsinə vermək üçün nə etmək lazım olduğunu öyrəndim. Sonra həmin təşkilatlardan soruşdum ki, elektrik enerjisini haradan gətirəcəksiniz? Dedilər, guya Tərtər çayı üzərində xırda bir hidrostansiya tikiləcək, onun enerjisindən istifadə edəcəyik. Mingəçevir təcrübəmdən o dəqiqə başa düşdüm ki, bu, baş tutan iş deyil, tamam uydurma bir ümiddir...
 
Bu fikirlərlə gəlib çıxdım Kəlbəcər rayon mərkəzinə. Rayon partiya komitəsinin birinci katibi Səfər Verdiyev idi. Heç bir göstərişsiz-filansız İstisuya dair hazırladığım təklifləri onlara oxudum. Çox sevindilər ki, deyəsən, bu işə ciddi yanaşan adam tapılıb. Dedim ki, çalışacağam ki, bu iş başlı-başına qalmasın və sizə bir köməyim dəysin. Kəlbəcərdən birbaşa Mingəçevirə gəldim. Rüstəm Aslanov Mingəçevirdə trest müdiri idi. Onu vaxtilə mən irəli çəkmişdim. İndisə ondan xahişim vardı. İstisuyu biz tikməliyik. Bura dünya əhəmiyyətli müalicə ocağıdır, xarabaya çevrilib. Bunu ya gərək sən tikəsən, ya da biz. Amma sən Kəlbəcərə bizdən 300 km yaxınsan. Rüstəm razılaşmadı ki, Kamran müəllim Kəlbəcərdə - dağın başında tikinti aparmaq mümkün deyil. Mənsə dedim ki, razı olacaqsan. Həm İstisuyu, həm də Naftalanı sənun trestin tikməlidir. Xülasə, birtəhər onun razılığını aldım...
 
Mərkəzi Komitəyə yazdığım məktuba Rüstəm Aslanov da qol çəkdi. Xoşbəxtlikdən bir vaxtlar mənim yanımda işləmiş, indisə Gürcüstan “Kəndsənayetikinti” trestinin rəisi olan Səfərov da burada idi. Ondan xahiş etdim ki, vertolyotla Ağdamdan Kəlbəcər İstisuyuna dağlarla elektrik xəttinin çəkilişini öz üzərinə götürsün. Səfərovu dilə tutmaq heç lazım olmadı- o məmnuniyyətlə mənim təklifimlə razılaşdı...
 
Sumqayıta qayıdandan sonra fikirləşdim ki, axı mən kiməm? Məni Kəlbəcərə kim göndərmişdi? Bu təklifin altından imza atmağa ixtiyarım varmı? Amma bir fikrim qəti idi ki, bu məsələni başlı-başına buraxa bilmərəm. Özüm də Mərkəzi Komitənin üzvüyəm. Məktuba Mərkəzi Komitənin üzvü kimi qol çəkib yolladım Mərkəzi Komitəyə...
 
(Davamı var)
 
Təqdim etdi: 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla