AZ

Müstəmləkəçiliklə mübarizə bir ölkəyə qarşı çevrilməyib- Azərbaycanın prinsipi...

Image

Xəyal Bəşirov: “Dünya müstəmləkəçiliyə “son” deməlidir”

“...Artıq söylədiyim kimi, həmin Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır...” 

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Prezident Əliyev, həmçinin, “Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, elə bir məsələdir ki, hesab edirəm hər bir normal insan məhz bu hüququ müdafiə edər. Bir sözlə, bu, çox vacib məsələdir. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir”-deyə bildirib.

Prezident açıq bildirdi ki, biz  müstəmləkəçiliyə qarşı məsələ qaldıranda bu o demək deyil ki, bir ölkıyə qarşı mübarizə aparırıq, biz beynəlxalq hüquqa. ədalətə söykənirik.

“Bu, Azərbaycan xalqının, yaxud Azərbaycan dövlətinin problemi deyil, bu, ümumilikdə bəşəriyyətin problemidir” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məlum olduğu kimi, Bakıda 2008-ci ildə start verilən “Bakı-prosesi”nin tərkib hissəsi kimi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. “Bu tədbirdə 110 dövlətdən təxminən 700-dən artıq nümayəndə iştirak edir və bu forumun adı “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”dur. Mədəniyyətlərarası dialoq artıq Azərbaycanda ənənə halını alıb. 2011-ci ildən başlayaraq hər iki ildən bir ənənəvi şəkildə keçirilir və dünyanın müxtəlif nüfuzlu şəxsləri, din xadimləri, ictimai xadimlər, media təmsilçiləri, diplomatlar və sair burada iştirak edirlər. Bu simalar öz cəmiyyətlərində və beynəlxalq aləmdə böyü nüfuza sahibdirlər və onlar mövcud siyasətlərin formalaşmasında bu və digr formada iştirak edirlər, əhəmiyyətli rola sahibdirlər. Təbii ki, belə şəxslərin Bakıya toplanması, birinci günün tədbirinin Bakıda, daha sonra isə işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində keçirilməsi çox mühüm amildir. Düşünürəm ki, əslində belə nüfuzlu şəxslərin Azərbaycana dəvət edilməsi və onlar vasitəsilə beynəlxalq ixctimaiyyətin diqqətinə Azərbaycanın bundan sonrakı siyasəti ilə bağlı çalarların çatdırılması bizim siyasi və diplomatik müstəvidə informasiya cəbhəsində düşmənlə apardığımız mübarizə baxımından önəmlidir. Çünki bu artıq ənənə halını alıb. ADA universiteti 6 belə beynəlxalq konfranms keçirib. “COP29 Azərbaycan üçün yaşıl baxış” adlı sonuncu tədbir aprelin 23-də ADA-da keçirildi. Orada Prezident İlham Əliyev iştirak etdi, beyin mərkəzlərinin rəhbərləri, müxtəlif dövlətləri təmsil edən diplomatlar, keçmiş dövlət başçıları, digər nüfuzlu şəxslər iştirak edirdilər. Onların iştirakı ilə də eyni proseslərin  reallaşdırılması, təbii ki, bizim siyasətin tərkib hissəsidir. Düşünrəm ki, biz bu addımları atmaqla əslində müharibınin tərəfdarı olmadığımızı,  sülhün tərəfdarı olduğumuzu diqqətə çatdırırıq”-deyə X.Bəşirov bildirdi.

X.Bəşirovun sözlərinə görə, Azərbaycan Prezidenti orada çox ciddi bəşəri əhəmiyyət daşıyan, insanlıq üçün vacib məna kəsb edən məqamlara toxundu. “Onlardan da biri dünyanın böyük bir coğrafiyasını əhatə edən, əsrlər boyu Fransa kimi müstəmləkəçilik siyasəti yürüdən dövətlərin müstəmləkəçilik zülmü altında əziyyyət çəkən xalqların harayını, səsini diqqətə çatdırmaqla bağlı oldu. Təsəvvür edin, açıq şəkildə dünyanın diqqətinə çatdırır ki, yaşadığımız XXI əsrdə hələ də Fransa 10-dan artıq okean ölkəsinə qarşı müstəmləkəçilik siyasətini davam etdirir. Bu, neokolonializmin kulminasiya nöqtəsidir, bu, Fransanın özünün müstəmləkəçilik siyasətindən əl çəkə bilməməsinin təzahürüdür. Bununla bağlı Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə belə məqamları çatdırırsa, bu, Azərbaycan xalqının, yaxud Azərbaycan dövlətinin problemi deyil, bu, ümumilikdə bəşəriyyətin problemidir. 

Beynəlxalq aləm anlamalıdır ki, Azərbaycan artıq öz problemini, münaqişəni həll edib və ərazi bütövlüyünü, sucverenliyini təmin edib, Cənubi Qafqazda sülh istiqamətində çox ciddi addımlar atır. Prezident orda qeyd etdi ki, biz burada müzakirə apardığımız anda da Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesləri həyata keçirilir. Təsəvvür edin, “erməni-müsəlman davası” adını almış keçmiş münaqişə ilə bağlı müharibədə biz uğur əldə etmişik və heç kəsin inana bilməyəcəyi bir prosesi reallaşdırırıq. Onun müəllifi Azərbaycan Prezidentidir. Sərhədlərin delimitasiya və demarkasiya  prosesinin güc tətbiq etmədən, kənar qüvvələrin heç bir təsiri olmadan, xüsusən də zaman-zaman digər regionlarda ABŞ-ın, Avropada olan güclü dövlətlərin məcburi təzyiqləri altında keçirilən o delimitasiya proseslərindən fərqli olaraq könüllü şəkildə, dövlətlərin iradəsi əsasında və kənar tərəflərin iştirakı olmadan həyata keçirilməsi dünya üçün möcüzəvi bir etalondur, öyrəniləcək, qəbul ediləcək bir prosesdir”-deyə qeyd edən X.Bəşirov vurğuladı ki, Prezident İlham Əliyevin qeyd etdiyi digər məqamlar da dünyanın diqqətində olmalıdır. “Dünya müstəmləkəçiliyə “son” deməlidir. Azərbaycan Prezidenti, Cənubi Qafqaz regionunun lideri kimi bu gün dünyada rəhbərlik etdiyi ölkə ilə paralel özünün də şəxsi nüfuzu günü-gündən artan İlham Əliyevin bu təşəbbüsü öz üzərinə götürməsi çox mühümdür. Bu təşəbbüsə qoşulan bir sıra dövlətlər, bir çox qüvvələr, təşkilatlar var. Ötən il paytaxtımızda Bakı Təşəbbüs Qrupu yaradıldı və Qoşulmama Hərəkatının iclasında yaradılan Bakı Təşəbbüs qrupunun artıq çoxlu sayda iclasları keçirilib, BMT-nin Nyu-Yorkdakı əsas iqamətgahında, Cenevrədəki ofisində, Bakıda, Türkiyədə,  eləcə də digər müxtəlif regionlarda bununla bağlı tədbirlər keçirilib. Bu tədbirlərin ardı-arası kəsilmir. Bu bir sülh təşəbbüsüdür, insanlıq təşəbbüsüdür, bəşəriyyətin problemlərinə birlikdə, həmrəy formada sinə gərmək, ona qarşı mübarizə aparmaq  təşəbbüsüdür ki, Azərbaycan Prezidenti bununla bağlı prosesin önündə durur. Hesab edirəm ki, belə tədbirlər məhz bu istiqamətdə rellıqları qəbul edilmiş Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi, qəbul edilməsi istiqamətində digər addımların atılmasına gətirib çıxaracaq”-deyə X.Bəşirov vurğuladı.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla