AZ

Gedib dönər alır, işi zibilxanaya çevirir – Villalarda yeyilən “kolbasa xəstəliyi”

Yerli film, serial və s. yaradıcı məhsullar zaman-zaman reklamlara görə tənqid olunur.
 
Bunun səbəbi isə serialın ortasında qəflətən aktyorların hansısa məhsul barədə uzun-uzadı danışmalarıdır.
 
Məsələn, x adlı serialda hansısa imkanlı ailənin başına gələn bədbəxt hadisələrdən bəhs edilir. Ailə üzvləri 3-4 mərtəbəli villada yaşayır, evin həyətində bir neçə maşın dayanır, amma nədənsə səhər, günorta, axşam ancaq kolbasa yeyirlər.
Və ya filmdəki hansısa qadın obraz geyindiyi gözəl kostyumun satıldığı mağazaya təriflər yağdırır.
 
Bu da tamaşçaçının sanki reklamlar silsiləsinə baxırmış kimi hiss etməsinə səbəb olur.
 
Bəs bu cür uğursuz reklam nədən qaynaqlanır?
 
Mövzu ilə bağlı Ölkə.Az-a danışan kommunikasiya mütəxəssisi, VIVA kommunikasiya agentliyinin direktoru Vüqar Baba bu cür reklamın beynəlxalq səviyyəyə uyğun olmadığını söyləyib:
 
"Filmlərdəki reklamlarla bağlı onu deyə bilərəm ki, məhsul yerləşdirmə və yaxud da beynəlxalq terminlə "product placement" bizdə beynəlxalq səviyyədə deyil. Düşünürəm ki, bu, reklam verən şirkətlərlə bağlıdır. Çünki bizim şirkətlər düşünür ki, mən məhsulumun hansısa bir yaradıcı məhsulun içərisində (film, serial və ya klipdə) təqdimatına pul verirəmsə, orada məhsulum görünəcəksə, çox qabarıq göstərsinlər, bu barədə çox danışsınlar. Yəni pulu ödəyən tərəf daha çox kəmiyyəti düşünür, bu isə filmin ortasında qəhrəmanların kolbasadan yaxud da hansısa tikinti şirkətindən yeri gəldi-gəlmədi danışmasına səbəb olur. Bu da əks təsir edir, auditoriyanı qıcıqlandırır, "product placement" dediyimiz reklamlar insanları əsəbləşdirmədən, qıcıqlandırmadan diqqətini ilk etapda çəkmədən şüuraltına xitab etməlidir. Tamaşaçı məhsulu görəndə "bu qəhrəmanın içdiyi su hansı markadır?" və yaxud "istifadə etdiyi noutbuk hansındandır?", "deyəsən, mən bu kafeni tanıdım" deməlidir.
Müştəri də xoşlayır ki, əgər brendlərlə maraqlanırsa, onu özü tapsın. Yəni yaradıcı məhsulda (film, serial və s.) iştirak edən qəhrəmanın hansı məhsuldan istifadə etdiyini tamaşaçı həm də tapmalıdır. Bizdə isə çox qabarıq formada, kobud desək, gözə soxurlar". 
Mütəxəssisin fikrincə, film və ya serialı çəkən tərəf də sponsor axtararkən ona uyğun olmayan məhsullara müaciət edir:
"Yaradıcı məhsulu istehsal edən tərəf, prodüserlər də hansısa məhsulu həmin filmə uyğunluğuna görə almalıdırlar. Bizdə isə, məsələn, divan düzəldən şirkətə də, kolbasa istehsal edən müəssisəyə də, dönər satana da, avtomobil şirkətinə də müraciət edir. Kim pul versə, serialda onun məhsulu salınır. Ona görə də düz gəlmir. Əgər avtomobil şirkəti sponsor olsa, qəhrəman maşın sürür, kafe sponsor olsa, gedir dönər alır. Bu da süni alınır. Daha çox yamaq kimi alınır. Yəni bizdə həm reklamı verən, həm də yaradıcı tərəf düzgün yanaşmadığına görə son nəticə olaraq o film və serial reklamçılıq nöqteyi-nəzərdən zibilxanaya dönmüş olur. Sanki film bir zibilxanadır, şirkətlər də reklamlarını o filmin içinə atır".
 
Billurə Yunus
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla