AZ

Kərim Benzema yenidən “Real”ın məşq bazasında

“Real”ın fransalı sabiq hücumçusu, hazırda “Əl-İttihad”da çıxış edən Kərim Benzema “qaymaqlılar”ın məşq bazasına yollanıb.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, “Real” öz sabiq futbolçusuna tibbi müayinədə və zədəsinin sağalmasında kömək edəcək.

Öz növbəsində “Əl-İttihad” rəhbərliyinin Benzemanın zədəsinin müalicəsində göstərdiyi köməyə görə “Real”a təşəkkür etdiyi bildirilir.

Benzema zədə səbəbindən “Əl-İttihad”ın son iki oyununu buraxıb. “Əl-Şabab” (1:3) və “Əl-Hilal”la (1:2) oyunlarda fransalı ulduzun iştirakı olmadan mübarizə aparmış “Əl-İttihad” hər iki görüşü məğlubiyyətlə bitirib.

Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 29 oyuna 13 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. O, “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.

Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı fransalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla