AZ

Putinə həbs qərarı çıxa bilər, Netanyahuya yox?- Çünki biri ABŞ-ın dostudur...

Image

Qulamhüseyn Əlibəyli: “Vaşinqton ikili standartlardan çıxış edərək beynəlxalq hüququ iflic duruma salır”

İsrailin Baş naziri Benyamin Netanyahu Haaqa Beynəlxalq Cinayət Məhkəməsini özünü terrordan qorumaq səylərinə mane olmaqda ittiham edib. Netanyahu bəyan edib ki, Haaqa Məhkəməsi həbs orderləri verərsə, bu, ədalətin təhrifi olacaq.

Netanyahunun sözlərinə əsasən, Haaqa Məhkəməsi həbs orderi versə, bu, “tarixi miqyaslı qalmaqal” olacaq və belə bir addım “bəşəriyyətin üzərində silinməz ləkə qoyacaq”.

Məlumat üçün qeyd edək ki, İsrail hökuməti Haaqa Məhkəməsinin prokuroru Karim Xanın bu həftə Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant və İsrail ordusunun baş qərargah rəisi Herts Haleviyə qarşı həbs orderi verə biləcəyini ehtimal edir. İsrail Haaqa Məhkəməsinin üzvü deyil, ancaq Fələstin əraziləri 2015-ci ildən onun üzvüdür və bu da məhkəməyə İsrail hərbçilərinin Fələstin ərazilərində və dünyanın istənilən nöqtəsində, o cümlədən İsrail ərazilərində fələstinlilərə qarşı hərəkətlərini tədqiq etmək səlahiyyəti verir. Hərçənd, İsrail məhkəmənin öz vətəndaşları üzərində yurisdiksiyasını tanımır.

ABŞ Konqresi də İsrail hökumətinin üzvlərinə qarşı həbs orderləri veriləcəyi təqdirdə Haaqa Məhkəməsini cavab tədbirləri görəcəyi ilə təhdid edib. Yeri gəlmişkən, Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putinlə bağlı həbs qərarı çaxarıb. Ancaq ABŞ Netanyahu ilə bağlı belə bir qərarın çıxarılmasına imkan vermək istəmir.

Bütün bu deyilənlərlə yanaşı, İsrailin hərbi-siyasi rəhbərliyinə qarşı Haaqa Məhkəməsinin həbs cəzası çıxarmaq niyyətinə ABŞ Konqresinin belə neqativ reaksiyası ikili standart, qeyri-səmimi və beynəlxalq hüquqa əsaslanmayan siyasətinin təzahürü sayıla bilərmi?

“Bu gün İsrailin Qəzzada apardığı əməliyyatlar terrordan qorunmaq cəhdləri deyil” 

Sözügedən məsələyə aydınıq gətirən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Birləşmiş Ştatların növbəti riyakarlığıdır: “Bu gün İsrailin Qəzzada apardığı əməliyyatlar terrordan qorunmaq cəhdləri deyil. Əksinə, bu, hesab edirəm ki, dinc əhalini terror etmək cəhdidir. Çünki terrordan qorunmaq cəhdlərində 30 min nəfərdən yuxarı dinc əhali – yaşlılar, uşaqlar, qadınlar həlak ola bilməz. Azərbaycan Qarabağda dünyaya göstərdi ki, terrorla mübarizəni necə aparmaq lazımdır. Bir nəfər mülki əhalinin burnu qanamadan Azərbaycan öz suverenliyini tam təmin etdi. Lakin bu gün İsrail terrorla mübarizə adı altında dinc fələstinliləri məhv etmək, qırmaq siyasəti yeridir. Bu da bynəlxalq xarakterli cinayət hesab olunur. Ona görə də Haaqa Məhkəməsinin İsrail rəsmiləri ilə bağlı qərar çıxarmaq istəməsi tamamilə beynəlxalq hüquqa uyğundur. O ki qaldı ABŞ Konqresinin və digər ölkə təmsilçilərinin Haaqa Məhkəməsinin Netanyahu ilə bağlı qərarına qarşı olmasına, bu gözlənilən idi. ABŞ İsrail məsələsində dəfələrlə ikili standartlardan çıxış edib və beynəlxalq hüququ saymayıb. Bu da onun növbəti “numunəsidir”. Bununla ABŞ özünü dünyanın ağası kimi aparmaq istəyir. O cümlədən, Azərbaycana münasibətdə də biz dəfələrlə bunun şahidi olmuşuq. Belə münasibət bütövlükdə beynəlxalq hüququn prinsiplərini məhv etməyə yönəlmiş bir siyasətdir. Ümumiyyətlə, bu gün beynəlxalq hüquq qarşıya qoyduğu bir sıra məqsədlərə nail ola bilmir. Məsələn, ABŞ-ın, İsrailin, Rusiyanın özünün fəaliyyəti onu göstərir ki, bütövlükdə beynəlxalq hüquq işləmir. Yalnız beynəlxalq hüquq Birləşmiş Ştatlara lazım olanda ondan istifadə edilir. Ancaq reallıqda isə bu prinsiplər pozulur. Ədalətin təhrif olunmasına yönəlik addımlar atırlar. Vaşinqton ikili standartlardan çıxış edərək beynəlxalq hüququ iflic duruma salır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla