AZ

Biz imkan verə bilmərik ki…

Bu gün dünyada ən aktual məsələlərdən birİ neokolonializmə qarşı mübarizədir. Qəribədir ki, neokolonializm ənənələrini yaşadanlar, müstəmləkəçilik siyasətini bu və ya digər üsullarla davam etdirənlər  məhz demokratiyadan, insan hüquq və azadlıqlarından dəm vuran  dövlətlərdir. Bunların önündə gedən ölkə isə son illər öz mənfur siyasəti ilə ad çıxarmış Fransadır. Belə ki, Niger, Mali, Konqo kimi Afrika ölkələrində neokolonializm siyasəti fiaskoya uğrayan bu ölkə  siyasətini “dənizaşırı bölgələr” adlandırdığı ərazilərdə davam etdirir.

Elə ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər vəchlə yerləşmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Prezident İlham Əliyev bu neoimperial siyasəti əzmlə və qətiyyətlə dəf etməkdədir.

Bəli, bu gün Azərbaycan dünya miqyasında Fransanın bu iyrənc siyasətinə qarşı mübarizə aparan bir ölkə kimi tanınır.  Bu mənada rəsmi Bakının xarici siyasətində neokolonializmə qarşı mübarizə önəmli yer tutur. Bir sözlə, ölkəmiz neokolonializmə, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmağa və  müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləməyə, onların hüquqi əsaslar üzərində azadlığa qovuşmalarına çalışır.  

Qoşulmama Hərəkatına sədrliyi dövründə bu məsələni həmişə gündəmdə saxlayan Azərbaycan bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.  Yeri gəlmişkən qeyd edək ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu da yaradılmışdır. Bu qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Qrup indiyədək 10-a yaxın mötəbər beynəlxalq tədbir keçirib. Həmin tədbirlər birba­şa dünyada müstəmləkəçiliyin aradan qaldırılması üçün konkret fəaliyyət is­tiqamətlərinin müəyyən edilməsinə və praktiki kompleks addımlar atılmasına xidmət edir. Hətta bu gün Afrikada müstəmləkəçilik əleyhinə aparılan mübarizədə ölkəmizin danılmaz xidmətləri vardır. Bakı Təşəbbüs Qrupu bu gün dünyada neokolonializmə qarşı mübarizədə öndə gedən platformalardan biridir. Bu günlərdə  isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans keçirilib və qrup müstəmləçiliklə bağlı dünyaya növbəti mesaylarını çatdırıb.

Prezident İlham Əliyev mayın 1-də Bakı platforması çərçivəsində paytaxtımızda keçirilən  “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: “Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”. Dövlətimizin başçısı həmçinin bildirib ki, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil: “Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır…”

Buradan bir daha aydın olur ki, Azərbaycanın Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsi müasir mərhələdə kolonializmi aradan qaldırmaq uğrunda böyük savaşın tər­kib hissəsidir. Şübhəsiz, Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə "dənizaşırı ərazilərin" müstəqillik və millətçi hərəkatları ilə həmrəylik nümayiş etdirməsi onların milli azadlıq mübarizəsinin qələbə ilə bitəcəyinə inamlarını daha da artırır.

Bir sözlə, Azərbaycan gündən-günə neokolonializmə qarşı mübarizəni gücləndirir. Bu da həmişə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən Fransanı narahat edir. Odur ki, bu və ya digər qarayaxma kampaniyaları ilə Azərbaycanın imicinə zərbələr vurmağa çalışır. istəyir. Hətta iş o yerə çatıb ki, sözügedən ölkə Azərbaycan-Yeni Kaledoniya əlaqələrinə qısqanclıqla yanaşır.  Bu günlərdə Fransanın daxili işlər naziri Jeral Darmanən tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı əsassız və ittiham xarakterli iddialar səsləndirməsi bunu bir daha sübut edir. Xatırladaq ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır. Fransanın sülh və sabitlik pərdəsi adı altında sırımağa çalışdığı boş vədləri uzun illər boyu  bu ölkəyə böyük faciələr gətirməkdədir. Özünü dünyada azadlıq və demokratiya carçısı kimi qələmə verən Fransa insanların təməl hüquqlarını heçə sayır, yürütdüyü müstəmləkəçilik siyasəti ilə Yeni Kaledoniyada qeyri-sabitliyə gətirib çıxaran prosesləri fəal şəkildə dəstəkləyir.

 Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz onun ölkəsi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib. Elə bu gün də bu ölkə separatçıları dəstəkləməkdədir. Digər tərəfdən, Fransa uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan azadlıq mübarizəsində Yeni Kaledoniyanı dəstəkləyən ölkədir. Hətta bu ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum da imzalanıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
Mənbələr
Şərh ()
Bağla