AZ

Ölkəmiz yüz illər boyu mədəniyyətlərin qovuşduğu məkan olaraq qəbul olunub-Yusif Bağırzadə- ÖZƏL

"110 ölkə nümayəndəsini bir araya gətirən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bir daha ölkəmizin qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynadığını, Azərbaycan bəşəri problemlərə biganə yanaşmadığını nümayiş etdirməklə yanaşı, həm də ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi etdiyini və təşkilatçılıq bacarığını ortaya qoymuş oldu".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Bu səpkili Forumların Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Hər zaman bəşəri dəyərləri müdafiə edən, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən Azərbaycan belə tədbirlərin keçirilməsi üçün mühüm platformaya çevrilib. Təsadüfi deyil ki, Bakı Forumu bu gün hər kəs tərəfindən aktual qlobal problemlər üzrə vacib müzakirələr aparmaq üçün unikal və dəyərli platforma kimi qiymətləndirilir.
Ölkəmiz yüz illər boyu mədəniyyətlərin qovuşduğu məkan olaraq qəbul olunub. Cənab Prezident də Forumdakı çıxışı zamanı bizim coğrafi mövqeyimizin, Şərq ilə Qərb arasında yerləşməyimizin bu tendensiyaya imkan yaratdığını diqqətə çəkib. Dövlət başçısının da qeyd etdiyi kimi çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub saxlamağa müvəffəq olub. 
Tolerant mühitin məkanına çevrilən ölkəmizdə müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradılıb. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 
Cənab Prezidentin Forumdakı çıxışı Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə yadda qaldı. "Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır", - deyən Prezident diqqətə çatdırdı ki, Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Prezident qeyd etdi ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.
Həqiqətən də bu gün ölkəmizdə milli-mənəvi birliyin, tolerant mühitin formaldığı, bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərildiyi, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadığı hər kəs tərəfindən qəbul olunan faktdır. Ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. 
Prezident çıxışında həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad edildiyini, 2023-cü il sentyabr ayında ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa olunduğunu, Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını da vurğulayaraq diqqətləri Azərbaycan-Ermənistan münasibətlərinə yönəltdi. Bu isə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu istiqamətdə zəruri müzakirələrin aparılmasına şərait yaratmaq baxımından olduqca önəmli idi. 
Prezidentin açıqlamaları Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı posmüharibə reallıqlarının daha yaxından öyrənilməsi və beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərəcək müzakirələrin aparılması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. 
Prezident çıxışında həmçinin XXI əsrdə Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması faktına da diqqət yönəldərək sivil dünyanın buna imkan verməməli olduğunu bildirdi. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, dünya neokolonializm praktikasına göz yummalı deyil. Bu, məcburi assimilyasiyaya aparır və buna son qoyulmalıdır.
Prezident həmçinin ölkəmizin çoxtərəfliliyə sadiq olduğunu, Qoşulmama Hərəkatının sədri qismində keçən dövr ərzində çoxtərəflilik dəyərlərini təşviq etdiyini də diqqətə çatdırdı. Ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını, ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq Qoşulmama Hərəkatının təsisatlanmasının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.
Son olaraq qeyd edim ki, belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində oynadığı strateji rolun əhəmiyyətini bir daha nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla