AZ

Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri aclığa başlayıb

Mayın 1-də Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev mətbuata danışıb. 

O deyib ki, Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir: "Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq, o, nə Penitensiar Xidmətin tibb müəssisəsinə, nə də koloniyanın tibbi-sanitariya hissəsinə köçürülüb”.

Son günlər Hacıyevə yaxınlarının gətirdiyi dərmanları soyuducuda saxlamağa icazə verilməyib.

Hacıyev həm də izdihamlı, antisanitar kazarmalardakı şəraitdən şikayətlənir.

Vəkil deyir ki, Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Pentensiar Xidmət Cahangir Hacıyevin durumu ilə bağlı deyib ki, məlumat həqiqəti əks etdirmir. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev 2016-cı il oktyabrın 14-də 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Ondan başqa daha üç təqsirləndirilən şəxs faktiki cəza, dördü isə şərti cəza alıb.

Məhkəmə təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq odlu silahı, onun komponentlərini, döyüş sursatlarını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli bilib.

O, günahını etiraf etməyib, müdafiəçiləri isə prosesi qərəzli adlandırıb.

Mənimsənilmiş vəsaitin dəqiq məbləği hələ məlum deyil. 

Qeyri-rəsmi məlumatlara görə, söhbət 4 milyard manatdan gedir.

2018-ci ilin dekabrında Baş Prokurorluq Hacıyevə qarşı külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, vergidən yayınma və s. ittihamlar irəli sürüb. 

2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs müddətinə daha bir il yarım əlavə edib.

Lakin 2020-ci ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 179.3 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cəzanın yüngülləşdirilməsi ilə əlaqədar müddəti 3 ay azaldıb.

2022-ci ilin fevralında Avropa İnsan Haqları Məhkəməsi Hacıyevin məhkəməyəqədər həbslə bağlı şikayətini təmin və 3500 avro məbləğində təzminat təyin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla