AZ

Gəncə Şəhər Xəstəxanasında “ölücanlar” əməliyyatı: 2 nəfər saxlanıldı

İddiaya görə xeyli insanın adına açılmış maaş kartlarına 2021-2024-cü illər ərzində 364 mindən artıq pul köçürülüb

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gəncə Şəhər Xəstəxanasında əməliyyat keçirib. 

Əməliyyat nəticəsində xəstəxananın iki nəfər vəzifəlisi – Vidadi Hüseynov və Məhəbbət Abdullayev saxlanılıb. 

Onlar 364 min manatlıq yeyintidə ittiham olunurlar.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İddia olunur ki, xəstəxanada "ölücanlar” olub. Yəni əslində, işə gəlməyən, heç bir iş görməyən, lakin rəsmi sənədlərdə adı xəstəxananın əməkdaşı kimi gedən xeyli insanın adına açılmış maaş kartlarına 2021-2024-cü illər ərzində 364 mindən artıq pul köçürülüb.

Məhəbbət Abdullayev və Vidadi Hüseynova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 

Məhkəmə ilkin istintaq dövrü üçün onların ev dustaqlığında qalmasına qərar verib. Lakin prokurorluq Məhəbbət Abdullayevə münasibətdə bu qərardan narazıdır. 

Onun barəsində ev dustaqlığının həbs qətimkan tədbirilə əvəzlənməsi üçün apelyasiya şikayəti verilib.

Vidadi Hüseynov və Məhəbbət Abdullayevin xəstəxanada "ölücanlar”ın olması, onların adına yazılan maaşların mənimsənilməsilə bağlı ittihamlara münasibətləri məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla

Reytinq