AZ

"Pul məsələsi ilə bağlı Akif Umudov adlı şəxsi tanımışam"- Müdafiə Nazirliyinin 143 milyonluq məhkəmə işi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilkeçirili

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyən 2 şirkət rəhbəri şahid qismində ifadə verib. “Loqotip” MMC-nin rəhbəri olmuş Naftəliyev İlqar Fərhad oğlu bildirib ki, əsasən Müdafiə Nazirliyi üçün qol və yaxa nişanları hazırlayıblar. Təqsirləndirilən şəxslərdən Nizami Məmmədovu tanıdığını, hətta onunla telefonla danışdığını, görüşdüyünü bildirib. Şahidin danışığı proses iştirakçılarında, xüsusilə Nizami Məmmədovda təəccüb hissi doğurub: 
“Mənim rəhbəri olduğum şirkət Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyirdi. Ödənişlərdə gecikmə olduğu üçün dedilər nazirliyə dedizdirmək lazımdır. Bakı balaca şəhərdi, istədiyin adamla əlaqəyə çıxmaq olur. Məndə Nizami müəllimə xod tapdım, zəng elədim dedim hesabatlar tərpənmir”.
Dövlət ittihamçısı Fuad Musayev şahidin ibtidai istintaqda verdiyi ifadəyə istinad edərək Akif Umudovu tanıdığını soruşdu. 
Şahid Akif adlı şəxslə yox, onun işlərini konsaltinq şirkətinin rəhbəri olan Vüqar adlı şəxslə gördüyünü qeyd etdi:
“Bir gün mənə sifariş verdilər. Dedilər gördüyün işin keyfiyyəti bizi qane edir, ancaq müqavilə bağlamaq üçün şirkətin olmalıdır. Ondan sonra Vüqar müəllim mənim üçün şirkət açdı. Müqavilə əsasında olan pullar bank hesabıma ödənilirdi. Pulları kartdan Vüqar müəllim götürürdü”.
Şahidin ifadəsində ziddiyətli məqamlar olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Məlum olub ki, Loqotip şirkəti bir neçə il ərzində Müdafiə Nazirliyi ilə 1 milyon 31 min manatlıq müqavilə bağlayıb. Onun da 52 min manatını hissə-hissə olmaqla Müdafiə Nazirliyi Maliyyə Büdcə İdarəsinin mühasibi olan Akif Umudova çatdırıb, yəni ümumi məbləğin 3 faizini nazirliyin özünə qaytarıb.
Şahidin ibtidai istintaqda verdiyi ilkin ifadəsi elan olunduqdan sonra İlqar Naftəliyev danışıqları Nizami Məmmədovla yox, Akif Umudovla apardığı yadına düşüb. Səbəb isə məhkəmədə ilk dəfə iştirak etdiyi üçün həyəcanlı  olduğunu, baş vermiş müxtəlif prosesləri düzgün danışmadığını etiraf edib. 
"Bağışlayın prosesin əvvəlindən səhv danışdım. Akif Umudov məndən aldığı pulu kimə verəcəyini mənə heç vaxt deməyib."
Prosesə sədrlik edən Fikrət Əliyev şahidə yalan ifadə verməyə görə məsuliyyət daşıdığını, bununla bağlı protokola imza atdığını, ibtidai istintaqda və ya məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini dəqiqləşdirib.
Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, Nizami Məmmədovu tanımadığını bir daha qeyd edib. Sonda isə zaldan çıxan zaman Nizami Məmmədovdan bir daha ona qarşı yalan danışdığı üçün üzr istəyib. 
Prosesin növbəti mərhələsində qazanxanaların təmiri və bərpası ilə məşğul olan şirkət rəhbəri Məmmədov Elnur Asif oğlu ifadə verib:“Müdafiə Naziriliyi ilə başqa bir podrat şirkətinin rəhbəri Əlövsət Orucov vasitəsilə tanış olmuşam. Mənə bildirdi ki, ümumi məbləğin 8-10 faizini geri qaytarmalıyıq. Mən də dedim ki, faizi işi görüb pulu alandan sonra verə bilərəm. Faizləri Əlövsət Orucova qaytarırdım. Müqaviləni Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə bağlayırdıq. Orada bir neçə dəfə Rəhim Laçınovu görmüşəm. Maliyyə və Büdcə İdarəsi ilə müqavilə bağlamamışıq, mənim ümumiyyətlə onlarla heç bir əlaqəm olmayıb”.
Şahidin ibtidai istintaqa verdiyi ifadədən məlum oldu ki, Müdafiə Nazirliyinin əməkdaşına işlədiyi illər ərzində faiz kimi 236 min manat pul qaytarıb. 
Çağırılan digər şahidlər- mülki şəxslər olan Allahverdi Rzayev, Rəhim Laçınov, hərbçilər Azər Məmmədov, Akif Umudov və Sadiq Vəliyev məhkəmə prosesinə gəlmədikləri üçün vəkil Rəşad Mirmehdizadə məhkəmə heyətinə şifahi vəsatət verərək onlar barəsində məcburi gətirmə qərarının çıxarılmasını xahiş edib. Hakimlər kollegiyası tərəfindən verilmiş vəsatətlə bağlı müzakirə aparılıb və mülki şəxslərin məcburi gətirilməsi, hərbçilər barədə isə Müdafiə Nazirliyinə məktub göndəriləcəyi qərarı verilib. 
Növbəti məhkəmə prosesi may ayının 17-nə təyin edilib. 
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Azər  İsrafilov
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla