AZ

Şəhidlik zirvəsi

Vüqar Rəfail oğlu Heydərov Vətən qarşısında son borcunu şərəflə verib ölümsüzlüyə qovuşub.  35 yaşında şəhidlik zirvəsinə ucalmaqla mənalı, gərəkli  ömür yolu gələcək nəsillərə örnək olub. Qərinələr keçəcək Vüqarın adı özündə doğma Azərbaycana, dövlətinə, xalqına məhəbbət hissi yaşatmaqla yaddaşlardan silinməz, xoş xatirələr yaşadar. Fəqət, Vətən uğrunda canından keçən hər bir kəs şəhiddir. Bu, ali məqama ucalanlar isə səmanın parlaq günəşinə dönməklə heç zaman ölmürlər. 

Əzəl gündən həyatının dəyərini, mənasını  Vətənə, xalqa  təmənnasız xidmətdə görən Vüqar Heydərov 1988-ci ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlıqdan düşmənə nifrət bəsləyən Vüqar  2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 2005-ci ildə oranı  bitirib və həmin il də Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olunub. 2009-cu ildə mükəmməl  biliklə ali hərbi məktəbi  başa vurub.  1 il təlim-tədris mərkəzində hərbi xidmət keçib. 2010-cu il iyulun 22-dən şəhadətə yüksəldiyi anadək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə zabit olaraq  adına can dediyi Azərbaycanın keşiyində durub. Onun üçün Vətən hər şeydən əziz, üstün olub. Həmçinin bitib-tükənməz hərb sevgisi  Vüqara iştirak etdiyi bütün təlimlərdə uğur qazandırıb. O, təmiz ürəkli, vicdanlı, olduqca qeyrətli Azərbaycan oğlu olaraq əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Xidmət zamanı dəfələrlə düşmənlə üz-üzə gələn  Vüqar  Vətənə, torpağa  məhəbbəti sayəsində sınaqlardan qalıb çıxıb. Mərdliyi, qəhrəmanlığı dillərdə dastana dönüb...

Mayor Vüqar Heydərov 20 sentyabr 2023-cü il  tarixində antiterror tədbirləri zamanı sinəsini irəli verib qartal tək erməni dığaların üstünə  şığıyıb. Düşməni məhv etdikdən sonra özü də qəfil atılan gülləyə tuş gəlib. Doğulduğu   Boladi kəndində əbədi məkan tapan  igid Vətən sevdalısı xalqına, elinə 2 oğul övladını – Yusif və Mehdini əmanət qoyub .

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla