AZ

Hava çirkliliyinin FƏSADLARI – “Hər dörd xəstəlikdən biri bu səbəbdən yaranır”

Hava insan həyatının ən vacib amillərindən biridir. Məhz buna görədir ki, bir nəsnənin vacibliyini vurğulamaq üçün “Hava-su qədər lazımdır” ifadəsini işlədirik. Lakin son yüz illikdə hava çirkliliyi qlobal problemlərdən birinə çevrilib. 

Ölkəmizdə isə paytaxt Bakıda bu problemə daha çox rast gəlinir. Bu vəziyyət isə atmosferlə yanaşı insanların səhhətinə də fəsadsız ötüşmür.

Maraqlıdır, Bakıda artan avtomobillərin fonunda hava çirkliliyi insan sağlamlığına hansı ziyanları vurur?

Həkim-terapevt Abbas Bağırov Bizim.Media-ya bildirib ki, atmosfer havasının çirklənməsi orqanizmdə mövcud olan bütün xəstəliklərin gedişatını ağırlaşdırır, sağalmasını ləngidir və yenilərinin yaranmasına səbəb olur:

“Tibbi statistik göstəricilər araşdırmalar nəticəsində onu təsdiq edir ki, xəstəliklərin 25%-i atmosferin çirklənməsi sayəsində ortaya çıxır. Bu, Bakı və Azərbaycan mühitində aparılmış araşdırmanın nəticəsidir. 

Aydındır ki, orqanizmdəki toxumalar oksigenlə qidalanır, enerji daşıyıcıları oksigeni zəngin qanla bağlıdır. Əgər karbon qazı, karbon-dioksid və digərləri artırsa, bu zaman oksigenin nisbi payı aşağı düşür və ağciyər yollarından toxumalara oksigenlə bərabər, toksinlər də daxil olur. Bu da qanın daxili mühitinin stabilliyini pozur, öz növbəsində immun sisteminin zəifləməsinə, qan təzyiqinin yüksəlməsinə, xroniki yorğunluq sindromuna, endokrin xəstəliklərin gedişatının ağırlaşmasına, ağciyər və yuxarı tənəffüs yollarında problemlərin olmasına zəmin yaradır”. 

A.Bağırov qeyd edib ki, atmosfer havasının çirklənməsi azyaşlıların normal inkişafına mane olan ən böyük faktorlardan biridir: 

“Meqapolis şəhərlərdə və həmçinin Bakıda son illərdə havanın çirklənməsi halı bir neçə dəfə artıb. Bu da əhalinin sağlamlığına ciddi təhdiddir. Havanın bu dərəcədə çirklənməsinə nəqliyyat da böyük təsir göstərir. Avtomobil yanacaqlarının tərkibi standartlara uyğun olmadıqda, atomosferin çirklənməsi bir neçə dəfə yüksəlir. Bu da bir çox xəstəliklərin yaranmasına ciddi şərait yaradır”.

Nuranə Daxilqızı, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla

Reytinq