AZ

İpəkçilik yenidən dirçəldilir

Barama istehsalı gələn il 6 min tona çatdırılacaq

Son illər ərzində ölkəmizdə baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılıb, mühüm qərarlar qəbul olunub, bu sahəyə dövlət dəstəyi gücləndirilib. Prezident İlham Əliyev tərəfindən barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli sərəncam imzalanıb. Sənədə əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləği və verilmə qaydası təsdiqlənib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, ölkədə 2024-cü ilin barama mövsümünə start verilməsi ilə bağlı Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən 19 baramaçılıq rayonundan olan kümçülərin iştirak etdikləri tədbirdə yuxarıda vurğulanan məsələlər ətrafında geniş söhbət gedib. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycanda qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasında və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyət daşıdığını bildirib. S.Cəfərov qeyd edib ki, barama istehsalının dəstəklənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

Adıçəkilən sənəd bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsində əhəmiyyətli rol oynayıb. Dövlət Proqramında ipəkçiliyin dayanıqlı əsaslarla inkişafını sürətləndirmək, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal olunan məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqla bağlı məsələlər qarşıya mühüm vəzifələr kimi qoyulub. Bu məqsədlərə nail olmaq üçün mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili, ipək məhsulları ixracının dəstəklənməsi və təşviqinin zəruriliyinə önəm verilib. Eyni zamanda, sözügedən dövlət proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulub.

Tədbirdə vurğulanıb ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari mövsümdə baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin müəyyənləşdirilməsi və tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaq qarşıya önəmli vəzifə kimi qoyulub. Bununla yanaşı, rayonlarda fəaliyyət göstərən barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər keçirilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.

Rayonlar üzrə barama istehsalçılarının sayı, yem ehtiyatı, mövcud kümxanaların sahəsi və vəziyyəti nəzərə alınmaqla cari ildə istehsal olunacaq yaş baramanın həcminə uyğun olaraq aprelin 20-də 9 min qutu ipəkqurdu toxumu Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab, Bərdə, Ağsu, Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində inkubasiyaya qoyulub.

Tut ipəkqurdularının bölgüsünə dair məlumatlar baramaçılıq rayonlarının DAİM-lərinə göndərilib, rayonun kəndləri üzrə barama istehsalçılarının seçilməsi və siyahısının dəqiqləşdirilməsi, kümxanaların yaradılmasında uyğun tikililərdən istifadə edilməsi və onların aqrozootexniki tələblərə uyğun hazırlanması ilə bağlı tövsiyələr verilib.

İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki hazırlanıb və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim edilib.

Yeri gəlmişkən, Qax Damazlıq İpəkçilik Stansiyasında keçirilən tədbirdə, təxminən, 3250 qutu ipəkqurdu toxumlarının aran və dağətəyi zonalarda yerləşən 19 baramaçılıq rayonlarına paylanılması prosesi gerçəkləşdirilib.

Qeyd edək ki, barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə cari ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki kömək göstərilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub.

Bütün bu qeyd edilənlər respublikamızda baramaçılığın inkişafının diqqət mərkəzində saxlandığını göstərir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ötən mövsümdə ölkəmizdə 357 ton (2022-ci illə müqayisədə 4,6 faiz çox) barama istehsal olunub. Ən çox yaş barama Zərdab rayonunda tədarük edilib. Yerli kümçülər tərəfindən 2023-cü il mövsümündə 52 min 865 ton yaş barama təhvil verib. Ağcabədi (34 min 336 ton), Zaqatala (28 min 907 ton), Balakən (28 min 151 ton), Bərdə (21 min 117 ton), Tərtər (14 min 747 ton), Şəki (13 min 737 ton), Qax (12 min 385 ton), Füzuli (10 min 416 ton), Lənkəran (9 min 896 ton), Sabirabad (9 min 744 ton), Yevlax (9 min 583 ton) və Ağdam (9 min 210 ton) ən çox yaş barama tədarük edən rayonlar kimi qeydə alınıb.

Ötən mövsümdə kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunan yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınıb, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyib.

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət büdcəsində də respublikada istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə ayrılan barama subsidiyalarının maliyyələşdirilməsi nəzərdə tutulub.

Vaqif BAYRAMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq