AZ

Keşiş Baqratın hipnoz seansı

Etnik şovinizmin, “dənizdən-dənizə böyük Ermənistan” xəyalının ilhamverici qüvvəsi rolunda məhz erməni qriqorian kilsəsinin çıxış etdiyi bu günün gerçəkliyi deyil. İki yüz ildir ki, dini məzhəbləri kimi, xaçları və düşüncələri də saxtakarlıqdan yoğrulmuş bu kilsə hay təbəəsinin beynini milli natamamlıq kompleksi, qonşulara qarşı ərazi iddiaları ilə zəhərləməklə yanaşı, həm də nifrət ideologiyası üzərində zombiləşdirməklə məşğuldur. Hələ də sağlam millətə çevrilməyi bacarmamış bu qövmün, demək olar ki, başına gələn bütün faciələrin baiskarı əməlləri kimi qara əbaya bürünmüş katolikos və keşişlərdir.

Tavuşluları mövcud hakimiyyətə qarşı zəiflikdə, onu devirmək üçün ayağa qalxmamaqda ittiham edən Baqrat Srbazyan adlı başabəla “keşiş” İrəvanda bütün ermənilərin katolikosu II Qaregin və eks-prezident Robert Koçaryanla görüşlər keçirib. O, həmin görüşlərdə göz yaşı tökərək, “ümummili erməni hərəkatının sönməyə başlamasından”, hətta Tavuşun dörd kəndinin sakinlərinin hakimiyyətə qarşı getməməsindən şikayətlənib.

Azərbaycan torpaqlarının işğalında, soydaşlarımızın qətlində əlində silah iştirak etmiş erməni keşişin “göz yaşları”nın səmimiliyinə heç də ermənilərin hamısı inanmır. Bunu biz yox, erməni deputat deyir: “Keşişlər Ermənistanı yeni müharibəyə cəlb etməklə fəal məşğul olurlar”.

Ermənistan Milli Assambleyasının “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Emma Palyan parlament saatındakı çıxışında özlərini “din xadimi” adlandırılanların bəd əməllərindən danışıb. Son günlər ölkəsində gedən prosesləri tarixi hadisə adlandıran Palyanın sözlərinə görə, bu mühüm və tarixi hadisələrə paralel olaraq digər dövlətlərin maraqlarına xidmət edən bəzi siyasi qüvvələr, din xadimləri Ermənistanı yeni müharibəyə cəlb etməklə fəal məşğul olurlar. Emma Palyan çıxışında Baqrat Srbazyan kimi əbalı separatçıları nəzərdə tutaraq, “onların kənardan belə bir tapşırığı var” – deyə bildirib.

Mətbuatda dərc olunan məlumatlara görə, kənardan istiqamətləndirilən anti-Paşinyan hərəkatına Tavus yeparxiyasının lideri, eyni zamanda, iş adamı Baqrat Srbazyan rəhbərlik edir. Bu işbaz “din xadimi” Ermənistan–Azərbaycan sərhədində basdırılan ilk sərhəd dirəyini “Ermənistanın məzarının ilk daşı” adlandırıb. Bu maraqlı fikri də deputat Palyan söyləyib.

Separatçı keşişə dəstək verənlərdən biri də keçmiş prezident, hazırda mal-mülkünün müsadirə ediləcəyi təhlükəsi ilə üzləşən Robert Koçaryandır. O, Srbazyanı “istefa aksiyasını” İrəvana köçürməyə, eyni zamanda, onun məsləhətlərinə qulaq asmağa və hakimiyyətə qarşı birlikdə getməyə çağırıb. Koçaryan keşişə “Nikolun etdiyi kimi, İrəvana piyada getmək” məsləhətini verib, yol boyu əhalidə hökumət əleyhinə əhval-ruhiyyə yaratmağı tapşırıb. Bundan başqa, o, “xalq qəhrəmanı” Srbazyana əlində olan mediadan informasiya dəstəyi vəd edib.

Erməni saytları “müqəddəs ata” Baqratın Kremllə və beşinci kolonla əlaqə yaratmağa başlayandan sonra Rusiyadakiı biznes şəbəkəsini üzə çıxarıb. Bir vaxtlar Kanada vətəndaşı olan, indi Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazyanın soydaşlarına üfürdüyü moizəsindən bir parça: “Həqiqət naminə çarmıxa çəkilməkdən və onu qəbul etməkdən şərəfli bir şey yoxdur. Hər kəs belə düşünməlidir. Yalan mənim üçün çarmıxa çəkilib, mən də yalan üçün. Həqiqət mənim xaçımdır və mən bu həqiqət üçün yaşayacağam. Bizim şüurumuzun, addımlarımızın, hərəkətlərimizin, mübarizəmizin mahiyyəti bu olmalıdır. Bundan başqa heç nə bizim üçün dəyər ola bilməz, çünki ondan kənar hər şey uğursuzluqdur”.

“Milli əzabkeş” obrazını yaratmağa çalışan keşiş Srbazyan özünü az qala İsa peyğəmbərə (ə.) bənzədir. Erməniləri ilğımvarı illüziyalarla hipnoza salmağa çalışan keşişin sabah hamını Nikol Paşinyana qarşı silahlı üsyana çağırması təəccüblü görünməməlidir. Deyəsən, o, özünü İsa peyğəmbəri (ə.) çarmıxa sürükləyən “məzarqazan” İuda rolunda görmək istəyir...

İ.HƏSƏNQALA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq