AZ

Ərəb müəllifin ölkəmizə “Vətən və liderlik” baxışı

Azərbaycan Mətbuat Şurasında iordaniyalı tarixçi-araşdırmaçı Omar Nezzel Əl-Armutinin Azərbaycana həsr etdiyi “Vətən və liderlik” kitabının təqdimatı keçirildi.

Mətbuat Şurası ilə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə keçirdiyi toplantıda İordaniya Haşimilər Krallığının səfiri Ömər Bərəkət əl-Nahar, Mərakeş Krallığının səfiri Məhəmməd Adil Embarş, Fələstin Muxtariyyətinin səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı edirdilər.

Mərasimi idarə edən Mətbuat Şurasının idarə heyətinin üzvü Müşfiq Ələsgərli bildirdi ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Omar Nezzel Əl-Armutinin Qarabağ münaqişəsinə, ölkəmizin ictimai-siyasi, mədəni həyatına, müstəqil dövlətçiliyimizə həsr etdiyi silsilə əsərlərin üçüncüsü olan “Vətən və liderlik” kitabında Azərbaycan həqiqətləri, xalqımızın çağdaş mübarizəsi dünya ictimaiyyətinə çatdırılmışdır. Bu əsərlər ərəb dünyasının Qarabağ müharibəsində həmrəyliyinə önəmli təsir göstərmişdir.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı dedi ki, bu gün çox dəyərli bir dostumuzun kitablarını müzakirə edirik. Birinci kitabda Qarabağ haqqında dolğun məlumatların olması bizi çox sevindirir: “Ömər əl-Armuti dəfələrlə Azərbaycana gəldiyinə və Qarabağ həqiqətlərini bildiyinə görə bu hadisələrə biganə qala bilməyib, ağrı-acılarımızı real faktlarla işıqlandırıb”.

Yazıçı-publisist, ərəbşünas Fazil Abbasov isə qeyd etdi ki, Ömər Armutinin birinci kitabı “Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində” adlanır: “Bu, o zamanlar idi ki, ermənilər ərəb dünyasının kapitalını Ermənistana yönləndirmək istəyirdilər. İkinci kitabı Azərbaycan və İordaniya əlaqələrinə həsr olunub. İƏT Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyası həmin kitabları Azərbaycan dilinə tərcümə etmişdir. Ömər Armuti təkcə ərəb dünyasının deyil, bütün islam dünyasının problemlərindən yazır. O, islam mücahididir. Bu gün burada üçüncü kitabın təqdimatına toplaşmışıq. Bu kitabı da ana dilimizə tərcümə edəcəyik”.

Səudiyyə Ərəbistanındakı “Əl Cəzirə” qəzetinin baş redaktoru Xalid əl-Maliki, İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Ömər Bərəkət əl-Nahar İslam dünyasında həmrəyliyə xidmət edən belə nəşrlərə ciddi ehtiyac olduğunu söylədilər.

Sonda kitabın müəllifi Omar Nezzel Əl-Armuti dedi:

– Çox xoşbəxtəm ki, son on il ərzində 5 dəfə Azərbaycana gəlmişəm. Mənim ürəyim Azərbaycana və bu xalqa çox bağlıdır: “Mən bilirəm ki, bizim İslam dünyasında birliyimiz olmalıdır. Azərbaycan gerçəkləri haqqında 2 kitabımı dostum Fazil Abbasov tərcümə edib. “Vətən və liderlik” kitabını həmkarım Məhəmməd Əbdülhəmid əl-Nasirlə birgə ərsəyə gətirmişik. Bu işimiz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Kitabda müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin tarixi fəaliyyətini real faktlarla qələmə almışıq”.

Mərasimdə iştirak edən rəsmi şəxslər, ziyalılar, jurnalistlər ərəb dünyasında Azərbaycanla bağlı sənədli faktlar əsasında belə dəyərli kitabların yazılmasını alqışladılar.

Kəmalə ABDİNOVA,
Fidan SALMANOVA,
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
1
Mənbələr
Şərh ()
Bağla