AZ

“Neftçi”nin düşərgəsində cinayətkar var?! - o, üç qadına təcavüzdə təqsirli bilinib...

Bir neçə gün əvvəl “Neftçi”nin Nigeriyanın U-17 millisində də çıxış etmiş, son klubu “Omoniya” olan Amoo Akinkunmini düşərgəyə cəlb etdiyi barədə xəbərlər yayıldı.

Hətta futbolçunun artıq 15 gündü komanda ilə birgə məşqlərdə iştirak etdiyi, Bakıya klubun idman direktoru Yens Anderssonun şəxsi əlaqələri hesabına gəldiyi iddia olunur. Deyilənlərə inansaq, 22 yaşlı sağ cinah yarımmüdafiəçisinin transferi şəxsi problemlər üzündən yubanır. Guya oyunçunun problemi həll olunan kimi transfer həyata keçiriləcək.

Əvvəlcə futbolçunun karyerasıyla bağlı ətraflı məlumat əldə etdik. Bildirək ki, o, hazırda azad agentdi. İndiyə qədər isə “Hammarbü” (İsveç) və “Kopenhagen” (Danimarka) kimi klublarda çıxış edib. 2023-cü ilin sentyabrında Cənubi Kipr “Omoniya”sı ilə üçillik müqavilə imzalayıb. Lakin ordakı fəaliyyəti uzun sürməyib. Belə ki, klub 5 ay sonra futbolçunun müqaviləsini ləğv edərək heyətdən uzaqlaşdırıb. Futbolçunun şəxsi həyatıyla bağlı faktlar isə dəhşətlidi. Bu yöndə araşdırma apaparkən bəlli oldu ki, oyunçu bir neçə dəfə cinayət əməlinə əl atdığından istintaqa cəlb olunub. Sizi Nigeriya mətbuatında yer alan faktlarla tanış edirik.

Punchng.com nəşri ötən il mayın 4-də dərc etdiyi yazıda jurnalist Osasu Obayiuvananın“Tvitter” hesabına istinadla bildirir ki, Amoo cinsi təcavüzdə suçlandığından məhkum həyatı yaşayıb:

“Qızıl qartallar”ın keçmiş ulduzu Akinkunmi Amoo üç qadına qarşı cinsi təcavüz əməli törətməkdə ittiham olunur. O, iyunun 23-də Danimarkada yerləşən məhkəmələrdən birində mühakimə olunacaq”.

Sözügedən xəbərdə futbolçunun 2022-ci ilin sentyabrında həbs edildiyi və bir ay sonra girov müqabilində sərbəst buraxıldığı da qeyd olunur.

Premiumtimesng.com nəşrinin ötən il, iyunun 27-də yayınladığı məlumatda isə Amoonun təqsirli bilindiyi və vəkilinin hökmdən dərhal sonra apellyasiya məhkəməsinə müraciət etdiyi deyilir:

“Akinkunmi Amoo üç qadına təcavüz etdiyinə görə həbs edilib (həmin qadınlar məhkəməyə gələrək şahid qismində məlumatı təsdiqləyibsə, dördüncü qadın ortaya çıxmayıb. Yəni söhbət 3 yox, 4 qadından gedir. Onlar Amoonun futbolçu nüfuzundan istifadə etdiyini dilə gətirib). Futbolçunun vəkili onun Danimarakı nüfuzunu və karyerasını xilas etmək üçün apellyasiyaya müraciət edib. Bu addım nəticə verməsə, Amoo azı bir ili dəmir barmaqlıqlar arxasında keçirəcək. Həmçinin, o, altı il müddətinə Danimarkadan uzaqlaşdırılacaq və müəyyən xərclər üçün 11 milyon avro ödəməli olacaq. Oyunçu qadınlara forma təklif edərək onları aldadırmış...”

Bu nəşrin xəbərinə görə, hadisələrin axarı gözlənildiyi kimi bitməyib. Daha dəqiq desək, hakimlər Amooya qarşı irəli sürülən ittihamlarla yekdilliklə razılaşmadığından futbolçunun apellyasiya şikayəti təmin edilib. Nəticədə o, nə həbs olunub, nə də Danimarkada ev dustaqlığına və ya səyahət qadağasına məruz qalıb.

Belədə Amoonun həqiqətən “Neftçi”nin düşərgəsində olub-olmadığını öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndiyə müraciət etdik. O, xəbəri təsdiqlədi və ictimaiyyətə bilgi veriləcəyini dedi.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla