AZ

“Bayern”də gözlənilməz itki - Rafael Gerreyro sıradan çıxdı

“Bayern”in portuqal sol cinah müdafiəçisi Rafael Gerreyro Bundesliqanın 32-ci turu çərçivəsində “Ştutqart”la oyunda (1:3) ağır zədə alıb.

Arena.az bu barədə “Bayern”in rəsmi saytına istinadən məlumat verir.

Bildirilir ki, tibbi müayinədən keçdikdən sonra portuqal müdafiəçiyə diz kapsulunda və dizin çarpaz bağlarında zədələnmə diaqnozu qoyulub. Beləliklə, Gerreyro qarşıdakı oyunlarda, xüsusən də mayın 8-də “Bayern”in Çempionlar Liqasının “Real”la Madriddəki vacib cavab oyununda komandasına kömək edə bilməyəcək.

Portuqal futbolçunun zədəsinin hansı müddətə sağalacağı və onun nə zaman sıraya dönə biləcəyi haqda məlumat yoxdur. Çox güman ki, Gerreyro üçün futbol mövsümü artıq bitib. Müdafiəçinin qarşıdakı Avropa çempionatını buraxacağı ehtimalı da istisna edilmir.

Rafael Gerreyro portuqal və fransız ailədə dünyaya gəlib. Müdafiəçinin futbolda erkən illəri Fransanın “Blan-Menil”, “Klerfonten” və “Kan” klublarında keçib. Gerreyro böyük futbolda “Kan”ın heyətində debüt edib. Ardınca isə “Loryan” və Dortmund “Borussiyası”nda oynayıb. Məhz “arılar”ın heyətində Gerreyro bir futbolçu kimi püxtələşib. 2023-cü ilin iyulunda Gerreyro “Borussiya”dan azad agent qismində “Bayern”in düşərgəsinə keçib. Portuqal futbolçunun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Gerreyro “Bayern”in heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rafael 2014-cü ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 65 oyuna çıxıb, 4 qol vurub, 13 məhsuldar ötürmə verib.

Rafael Gerreyronun qənimətlər muzeyində Dortmund “Borussiya”sı ilə qazandığı Almaniya Kuboku (2016/2017, 2020/2021) və Almaniya Super Kuboku (2019/2020), həmçinin Portuqaliya yığması ilə qazandığı Avropa çempionatı (2016) və Avropa Millətlər Liqası (2019) var.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla