AZ

Gürcüstanda yaşananlar həm də siyasi böhran sayıla bilər



USAİD bu ölkədə nə əvvəlki, nə də indiki hökumət dövründə istədiklərinə nail ola bilmir, böhran daha da dərinləşir, İvanişvili yenidən qayıdır..

2021-ci ilin Yanvarında Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini bəyan etmişdi və hökuməti daha cavan komandaya həvalə etdi. Proses cəmi 3 il çəkdi və təcrübəli siyasətçi İvanişvili yenidən siyasətə qayıtmaq məcburiyyətində qaldı.

Bidzina İvanişvilini əvəzləyən və Gürcüstan hökumətində 22 fevral 2021-ci ildən 29 yanvar 2024-cü ilə kimi Baş Nazir olmuş İrakli Qaribaşvili bu kürsüyə oturar oturmaz 21 May, 2021-ci il tarixində USAİD ilə geniş bir qrant müqaviləsini imzaladı. Söhbət nə az nə çox, ABŞ-ın USAİD təşkilatı tərəfindən qarşıdakı 5 il ərzində Gürcüstana 330 milyon ABŞ dollar məbləğində maliyyənin ayrılmasından gedir. Ayrılan maliyyə Gürcüstanın dayanıqlılığı, demokratik və iqtisadi inkişafını ehtiva edir və Gürcüstanın vətəndaş mərkəzli demokratik institutlarının inkişafını nəzərdə tutur. İmzalanma mərasimində USAİD/Gürcüstanın Missiya rəhbəri Peter Wiebler qeyd etmişdir ki, bu razılaşma Birləşmiş Ştatlarla Gürcüstan hökuməti arasında Avro-Atlantik məkana inteqrasiyasına dəstək olacaq. https://www.usaid.gov/.../usaid-reaffirms-commitment...

Şübhəsizdir ki, Gürcüstan kimi bir dövlət üçün belə böyük məbləğdə maliyyənin USAİD tərəfindən ayrılmasında pərdəarxası məqsədlərin olması şübhə doğurmur. Yaşananlar göstərir ki, 330 milyon ABŞ dolları qrant müqaviləsinin arxasında üzdə bu ölkənin demokratikləşməsinə və iqtisadi inkişafına dəstək bəyan olunsa da, arxa planda başqa fəaliyyətlər həyata keçirilmişdir. USAİD ilə geniş tərəfdaşlıq müqaviləsi imzalayan və Gürcüstanın gələcək inkişafını bu təşkilatla müəyyənləşdirməyə çalışan Qaribaşvili hökuməti və onun komandası bu qurumun fəaliyyətində başqa məqsədlər aşkarlamış oldu. Belə ki, “ötən ilin sentyabrın 18-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xaricdən dəstəklə ölkədə hakimiyyət çevrilişi planlarının olması haqqında məlumat yaydı. Bəyanata görə, daxildəki anti-milli qüvvələrlə əlbir olan xarici dairələr Gürcüstanda zorakılıqla hakimiyyət çevrilişi həyata keçirmək məqsədilə 2023-cün ilin oktyabr-dekabr aylarında iğtişaşlar və kütləvi vətəndaş itaətsizliyi aksiyaları planlaşdırırmışlar. Gürcüstan hökumətinin bu bəyanatı səsləndirməsindən bir neçə gün sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) adı sözügedən destruktiv fəaliyyətlərdə hallandı”.

Bu açıqlamalardan belə qənaətə gəlmək olar ki, USAİD Gürcüstanda hakimiyyət çevrilişinə hazırlaşıb və yerli QHT və vətəndaş cəmiyyəti təşkilatlarından bu məqsədlə geniş istifadə olunub. Gürcüstanın müxtəlif regionlarında insan haqları, demokratiya və vətəndaş təhsili proqramları altında yerli QHT-lər USAİD-dən maliyyə dəstəyi ilə əhaliyə silsilə təlimlər keçmiş və 2003-cü ildə baş verən inqilab senarisinin təkrarlanmasına cəhd etmişlər.

Aydın məsələdir ki, Gürcüstanda indi yaşananlar həm də bir siyasi böhran sayıla bilər və üç il əvvəl siyasi proseslərdən uzaqlaşmaq qərarı verən Bidzina İvanişvili ötən ilin dekabrında yenidən siyasi həyata qayıtması haqqında açıqlama verdi. İndi Bidzina İvanişvili ölkənin siyasi həyatına qayıdıb, prosesləri nəzarət altına götürməkdə və xarici agentlər haqqında qanunun qəbulunda israrlıdır.

Yeri gəlmişkən Gürcüstandakı çəkişmələr fonunda diqqət çəkən bir məqam da bu ölkənin yeni Baş naziri seçilmiş İrakli Kobaxidzenin ABŞ-ın ünvanına daha sərt bəyənatlar səsləndirməsidir, Kobaxidze bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib. O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini qeyd edib. Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir qədər əvvəl ABŞ-a səfərdən imtina edib.

Azərbaycan isə Gürcüstanda gedən prosesləri diqqətlə izləyir və bu ölkədə daha çox ictimai-siyasi sabitliyin olmasında daha maraqlıdır. Bu gün Gürcüstanda on minlərlə Azərbaycanlı həmvətənlərimiz yaşayır və Gürcüstan bizə qonşu və dost dövlətdir.

Vüqar Əhmədov-politoloq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
Mənbələr
Şərh ()
Bağla