AZ

“Biz uduzanda utandığımızdan “Forza Neftçi”nin, “Ultras Neftçi”nin qarşısına çıxa bilmirdik”

Bilindiyi kimi, 33-cü turun “Qarabağ” – “Neftçi” görüşündə ağdamlılar böyükhesablı qələbə qazandı – 5:0.
Bəs “ağ-qaralar” niyə əzəli rəqibi ilə bacara bilmir? Bu suala cavab tapmaq üçün vaxtilə “Neftçi” ilə çempionluq sevinci yaşayan Ruslan Əmircanova müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:
“Derbinin belə nəticəsi birmənalı şəkildə “Qarabağ”ın gücündən irəli gəlir. “Köhlən atlar” istədiyi komadaya 3 və ya 5 qol vura bilir. Son 3 turda bəlkə də potensialından aşağı oynadı. Amma “Qarabağ” hansısa matça köklənibsə, qarşısında nəinki “Neftçi”, qalan 8 komanda da dura bilməz. “Neftçi”yə görə pis oluram. 3 il bu komandanın şərəfini qorumuşam, çempion olmuşam. Həzm edə bilmirəm ki, indiki “Neftçi” niyə belədi? Bu da orda məşqçi amili, legioner amili ilə bağlıdı. Mən “Neftçi”də olanda rəhbər Sadıq Sadıqov idi. Komandada olan yerli futbolçular da, legionerlər də yüksək səviyyədə idi. Ona görə ki oyunlarına baxıb, sonra gətirirdilər. Yadımdadı, Tahir Süleymanovla Bəxtiyar Musayev Braziliyada günlərlə qalır, namizədləri iş başında izləyibgətirirdilər. Gətirilən əcnəbilər də özünü doğruldurdu. İndiki “Neftçi”də olan legionerlərin bəziləri o bayrağın altında çıxış etməyə layiq deyil. Legioner yerli futbolçularla eyni səviyyədə oynayırsa, onda niyə gəlir? Həmçinin iki məşqçi dəyişikliyi də sözünü deyir. Futbolçu bir məşqçinin taktikasını öyrənir, sonra yenisi gəlir, öz üslubu olur. Həm vaxt itkisidi, həm də komandada motivasiya aşağı düşür. Deyə bilmərik ki, ordakı uşaqlar futbol oynamaq istəmir və ya aşağı səviyyədə çıxış edir. Komandada millinin üzvləri var, heyətdə normaldan yuxarı yerli futbolçular var. Bəzi legionerlər də pis deyil. Reallıq budu ki, “Qarabağ”ın qarşısında dura biləcək komanda yoxdu. “Ağ-qaralar” da uğur üçün əlindən gələni edir. Yalnız Emin Mahmudov, Rza Cəfərov, Rəhman Hacıyev və Qara Qarayevlə nəticə əldə edə bilməzlər. Legioner də dərk eləməlidi ki, hara gəlib. “Neftçi” həmişə çempionluğa oynayıb, tək məqsəd bu olub. Gələn futbolçular da bunu bilərək, əlindən gələni etməlidi. Komandanın uğuru üçün hər dəfə meydanda özünü sipər etməlidi. Legioner “Qarabağ”a 0:5 uduzursa, sonraheç nə olmayıbmış kimi deyə-gülə meydandan ayrılırsa, komandaya heç bir xeyir verə bilməz. O vaxt biz uduzanda “Forza Neftçi”nin, “Ultras Neftçi”nin qarşısına çıxa bilmirdik . Fikirləşirdik ki, camaatın üzünə necə baxacaöıq?Biz belə görürdük. Düzdü, yerli futbolçular bunu dərk edir. Amma onu dərk etməyən legionerlər bilməlidi ki, orda çiyin-çiyinə oynamağa gətirilibsə, deməli, 90 dəqiqə meydanda can qoymalıdı. Bir məqam da var ki, hər nə qədər can qoysa belə, bacardığı o qədərdi. Deməli, gətirilən legioner zəifdi ki, komandasına kömək edə bilmir. Ümid edirəm ki, “Neftçi” rəhbərliyi mövsümun sonunda əksəriyyəti ilə yollarını ayırar, növbəti il üçün daha təcrübəli futbolçular cəlb edər. Ki, yerli uşaqlar da onlara baxıb nəsə öyrənə bilsin. İnanıram ki, növbəti mövsüm tam başqa “Neftçi” görə biləcəyik”.


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla