AZ

Həqiqətən də "May ayında toy edilməz" ? - İllərdən gələn fikirlə bağlı İslam dinində GÖRÜN NƏ DEYİLİR...

Hələ ötən əsrlərdən gələn “May ayında toy edilməz” fikrini yəqin ki, bir çoxlarımız eşitmişik. Bir çoxları bunu İslam dininin tələbləri ilə, digərləri isə sadəcə adət-ənənələrlə, mentallıqla bağlayır. Bununla yanaşı Azərbaycanda bu ayda toy edənlər də var. Onların qərarları cəmiyyət tərəfindən birmənalı qarşılanmır.


Cəmiyyətdə formalaşan bu fikrin dini əsasının olub-olmamasına aydınlıq gətirmək üçün ilahiyyatçı Ağa Hacıbəyliyə suallar ünvanladıq.




May ayında toy edilməməsinin dini əsası varmı? Bu ayla bağlı səslənən fikirlər nə dərəcədə doğrudur?


“Məlum məsələdir ki, Azərbaycanda may ayında toy edilmir, bunun da bəzi səbəblərini dinlə bağlayan şəxslər var. Onlar deyirlər ki, may ayında toy edən şəxslərin həyatları, evlilikləri uğurlu olmur, xoşbəxtlik nəsibləri olmur. Ancaq bunun İslam dini, imanla, etiqadla heç bir əlaqəsi yoxdur”.


İlahiyyatçı bildirib ki, İslam dinində məxsusi dini əhəmiyyətli günlər xaric heç bir ayda və gündə toy edilməsi ilə bağlı hökm, əmr yoxdur. Təbii olaraq, evlənmək insanların haqqıdır və evlilik yaşına çatıblarsa, istədikləri vaxt ailə qura bilərlər.


“Məlumdur ki, keçən əsrdə Andranikin qulağının kəsilməsi ilə bağlı bir məslə yayılıb. Böyük zalımın qulağı kəsildikdən sonra ermənilər daxildə, xüsusilə də, Bakı çərçivəsində xüsusi təbliğat kampaniyası quraraq fəaliyyətə başlamışdılar. Bu hadisənin də aprel-may aylarına təsadüf etməsi əsas gətirilərək “bu aylarda toy olmaz, boş aylardır” kimi fikirlər bir çox insanların beyinlərinə yerləşdirilib. Yəni bu fikrin təməl əsaslarında bu kimi ideoloji fikirləri görmək olar”.


Ağa Hacıbəyli son olaraq bir məqamı da qeyd edib ki, hələ qədim zamanlardan gələn bəzi fikirlərin də bu məsələyə təsiri var. Kənd təsərrüfatı baxımından da may ayı kifayət qədər problemli bir aydır. Bu aya çatanda nə keçən ildən məhsul qalırdı, nə də yeni məhsula əl çatırdı. Bu da tarixən may ayında toy edilməməsinə bir səbəb idi.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
3
Mənbələr
Şərh ()
Bağla