AZ

Yeni müttəfiqlər axtarışı Ermənistana gözlədiyindən də baha başa gələcək...

Image

Sərfəli müttəfiqlər axtarmaq Ermənistan tarixinin ayrılmaz hissəsidir. Bu fikir XVII əsrdə yaşamış erməni diplomatı İsrael Orinin Cermux yaxınlığındakı abidəsinin üzərində də yazılıb. Ori Ermənistana hami olacaq  ölkələr axtarışında Avropanı gəzib. 

O, son nəticədə Birinci Pyotrun sarayına gələrək belə deyib: “Bizim başqa ümid yerimiz yoxdur, ümidimiz bir Allaha, bir də sizin ölkənizədir”.

Bunlar fonunda “The Guardian” qəzeti yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan da buna bənzər durumda qalıb. O, ölkəsi üçün müttəfiqlər axtarışındadır. Amma bu dəfə başı Ukraynada qarışmış Rusiyaya yox, Qərbə üz tutub. “The Guardian” yazır ki, bu, silahlarının 98 faizini Rusiyadan alan və SSRİ dağılarkən keçmiş sovet respublikaları arasında ən Moskvayönlü respublika kimi tanınan ölkədən ötrü nəhəng dəyişiklikdir. Qəzet xatırladır ki, Paşinyan 2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlib: “O, əvvəlcə Rusiya ilə təhlükəsizlik tərəfdaşlığına son qoymaq haqda düşünmürdü. Dənizə çıxışı olmayan, dörd sərhədindən ikisi - Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan, Moskvanın öz arxa bağçası kimi gördüyü Ermənistan Rusiyadan uzaqlaşmağı ağlından da keçirə bilməzdi. Ancaq 2020 və 2022-ci illərdə daha yaxşı təlim görmüş və daha güclü silah və ordusu olan Azərbaycan Ermənistanı ard-arda ağır məğlubiyyətlərə uğratdı. Ötən ilin sentyabrında isə Azərbaycanın Qarabağ ərazisinin erməni əhalisi buranı tərk etdi”. Qeyd edilir ki, başı Ukraynada başlatdığı savaşa qarışan Rusiya proseslərə müdaxilə etmədi. O da vurğulanır ki, indi ermənilər arasında Rusiya sülhməramlılarının xəyanətkar olması fikri yayğındır: “Paytaxt İrəvanda, dövlətin verdiyi mənzildə yaşayan keçmiş polis zabiti Ruslan Hayrapetyan dəfələrlə Rusiya sülhməramlılarının yanına gedərək onlardan prosesə hərbi müdaxilə etmələrini istəyib, əvəzində isə ruslardan bu cavabı eşitdiyini deyir: “Siz elə bilirsiniz, biz bura sizə görə ölməyə gəlmişik?”. Onun arvadı Nina deyir ki, Azərbaycan Qarabağa daxil olanda rusların edə bildiyi tək şey onların yaşadığı Xocavənddən Xankəndiyə gedən yolu açıb, oradan Laçın dəhlizi ilə Ermənistana keçmələrinə imkan yaratmaq olub. Onun sözlərinə görə, şəhər rəhbəri onlara belə deyib: “10 saata azərbaycanlılar şəhərə girəcək. Qala da bilərsiniz, ancaq məsləhət deyil”. Qəzet yazır ki, Qarabağı tərk edənlər Ermənistana üz tutublar: “Paşinyan bir qrup britaniyalı jurnalistə müsahibəsində hazırda Ermənistanın hər yerinə səpələnmiş qaçqınların artıq heç vaxt geri dönə bilməyəcəyini düşündüyünü deyib. Bu epizod Ermənistan-Rusiya münasibətlərində kəskin soyuma və onsuz da parçalanmış Ermənistan cəmiyyətində daha dərin qütbləşmə doğurub. Rusiya sülhməramlıları aprel ayında Qarabağı planlaşdırıldığından daha tez tərk etdilər. Ötən həftə Ermənistan parlamentinin spikeri Rusiyanın Ukrayna siyasətini tənqid edib. Nəticədə Moskvada rusofob ittihamlar səslənməyə başlayıb”. 

Bunlar fonunda erməni ekspert Vladimir Vardanyan imperializmin yeni dövrünün başlandığını və Ermənistan kimi ölkələrin əziləcəyini söyləyib: “Hər bir imperiya öz torpağını böyütməkdə maraqlı olub. Biz də hazırda Potsdam və Yaltada qurulan ənənəvi birliklərin artıq işlək olmadığı durumdayıq deyə, suverenliyimiz get-gedə daha da zəifləyir. Bu regionun gələcəyi ilə bağlı konsensusa gəlməyimiz vacibdir, axı konsensus olmasa, XIX əsrdəkindən daha imperialist dünya ilə üz-üzə qalacağıq”. QHT rəhbəri Tiqran Qriqoryan Qarabağdakı “fiasko”nun səbəbini Ukrayna müharibəsinin Rusiyanın başını qarışdırıb onu zəiflətməsində görür: “Azərbaycanla münasibətlər Rusiya üçün Ermənistan qarşısındakı öhdəliklərindən daha vacib olmağa başladı. Azərbaycan prezidenti İlham Əliyev də bu güc vakuumundan uğurla faydalandı”. “The Guardian” xatırladır ki, ötən ay Paşinyan Tavuş əyalətindəki dörd kəndi 30 ildən sonra yenidən Azərbaycanın nəzarətinə qaytarıb. Bu, iki ölkə arasında sərhədlərin SSRİ-nin dağıldığı dövrdə mövcud olduğu şəkildə demarkasiyasının ilk addımı sayılır. Müxalifətin sonu görünməyən təslimçilikdə ittiham etdiyi Paşinyan deyir ki, bunun alternativi müharibədir. Bu razılaşma kəndlilərin günlərlə etiraz etməsinə səbəb olub. Nəticədə paytaxtda 80 nəfər həbs edilib: “Ermənistanın siyasi xəttindəki kəskin dönüşə ən bariz misal ötən ilin fevralında 200 nəfərlik silahsız Avropa İttifaqı monitorinq missiyasının Ermənistana gəlməsidir. Onlar öz mavi bayraqları, cipləri və binoklları ilə Azərbaycan qoşunlarının hərəkətini izləyir və hesabatlarını Brüsselə göndərirlər. Missiya üzvləri gərginlik və dezinformasiya artan zaman durumu sakitləşdirdiklərini düşünürlər. Missiyanın direktoru Markus Ritter qrupun məhdud məqsədləri barədə bunları deyib: “Biz vəziyyəti sakitləşdirə bilərik. Biz sabitləşdirici amilə çevrilmişik. Missiyanın yerləşdirilməsindən əvvəlki və sonrakı vəziyyəti müqayisə etsəniz, fərq var”. Ancaq Ermənistanın cənubunda Rusiya müşahidəçilərin işinə imkan vermir. “Bu, çarəsizlik içində özünə dost və müttəfiqlər axtaran ölkədir”, - Ritter belə deyir. İndi Ermənistan Hindistan və Fransadan silah alır. Aprelin 5-də isə Aİ və ABŞ Ermənistana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar məbləğində yardım söz verib. Bu yeni tərəfdaşlıq Ermənistanın Rusiya bazarları və enerji mənbələrindən kəskin asılılığının azaldılmasına yönəlib. Ancaq bu yardımın çox az olduğunu deyən bir erməni diplomatı gileylənib ki, “bizi qoyun kimi qəssabxanaya sürəcəklərindən qorxuram”.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
50
Mənbələr
Şərh ()
Bağla