AZ

İngilis kəşfiyyatı Ukraynada rusların itkisi barədə dəhşətli rəqəm açıqladı - yaxın 2 ayda isə...

Image

Ramil Məmmədli: “Ümumən, istənilən müharibədə Rusiya üçün insan amilinin elə də əhəmiyyəti yoxdur”

Britaniya kəşfiyyatı Rusiyanın 2022-ci ilin fevralından bəri davam edən işğal cəhdində mümkün itkilərini qiymətləndirən hesabat dərc edib.

Britaniya kəşfiyyatı öz hesabatında Ukraynada 465 min Rusiya hərbi personalının öldüyünü və ya yaralandığını, 10 mindən çox Rusiya zirehli vasitəsinin məhv edildiyini təxmin etdiyini açıqlayıb. Kəşfiyyat məlumatlarına görə, 2024-cü ilin aprelində ölən və yaralanan Rusiya itkilərinin orta gündəlik sayı 899 əsgər təşkil edib və ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya təxminən 465 min hərbçi itirib: “Münaqişə başlayandan bəri təxminən 465 min Rusiya hərbi personalının öldürüldüyünü və ya yaralandığını və on minlərlə insanın qaçdığını təxmin edirik. Rusiyanın özəl hərbi kampaniyalarında xidmət edərkən həlak olan şəxsi heyətin sayı dəqiq deyil”.

Britaniya kəşfiyyatçılarının fikrincə, Moskva öz qoşunlarını keyfiyyətə deyil, kəmiyyətə diqqət yetirdiyi tükəndirmə müharibəsi aparmağa uyğunlaşdırıb. Özəl qruplardakı itkiləri də bura əlavə etsək, Rusiyanın əsgəri itkiləri təxminən 470 min nəfərdir. 

“Bütün bunlara rəğmən, Rusiya itkilərinin 470 min nəfər olduğu o qədər də real görünmür” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli Rusiyanın itkiləri ilə bağlı Britaniyanın yaydığı məlumata birmənalı yanaşmadı: “Ümumən, istənilən müharibədə Rusiya üçün insan amilinin əhəmiyyəti elə də yoxdur. Bu, tarixən belə olub. Rusiya böyük itkilər bahasına irəliləyib. Xüsusən də İkinci Dünya müharibəsində bununla bağlı çoxsaylı faktlar var. Nəticədə illər keçəndən sonra məlum oldu ki, həmin müharibədə SSRİ-nin itkiləri 27 milyon nəfər olub. Son aylar Rusiya ordusunun Ukraynada irəliləməsi də məhz böyük itkilər hesabına başa gəlir. Xüsusən də Avdiyevkanın alınması zamanı Rusiya ordusu ciddi itki verib. O cümlədən, digər kiçik yaşayış məntəqələrinin alınmasında da itkilər verirlər. Müxtəlif səbəblərdən Rusiyanın Ukraynanı ildırım sürəti ilə işğal etmək planı alınmadı. Çünki NATO ölkələri Ukraynaya hərbi dəstək verir. Bütün bunlara rəğmən, Rusiya itkilərinin 470 min nəfər olduğu o qədər də real görünmür. Ən azından ona görə ki, Britaniya kəşfiyyatının yaydığı rəqəm Ukrayna Baş Qərərgahının yaydığı rəqəmlə aşağı-yuxarı eynidir. O da məlumdur ki, müharibə aparan tərəflər qarşılıqlı olaraq bir-birinin itkilərini şişirdir. Rusiya Ukraynanın, Ukrayna da qarşı tərəfin böyük itkilər verdiyini bəyan edir. Ancaq hər iki tərəfdə konkret nə qədər əsgərin həlak olduğunu demək çətindir. Çünki nə qədər kəşfiyyət məlumatları olsa da, hər iki tərəf itkilərin dəqiq sayını gizlədir. Ancaq o da var ki, adətən hücum edən tərəfin itkiləri çox olur. Digər tərəfdən, Rusiya son aylar döyüş taktikasını dəyişdirir. Rusiya öz istehsalı olan zərbə dronlarından cəbhə xəttində geniş istifadə edir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla