AZ

Kaxaber Tsxadadze: "Bu çempionat daha çox azarkeşə layiqdir"

Misli Premyer Liqasının 33-cü turunun "Səbail" - "Qəbələ" (2:3) matçından sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Tsxadadze oyun haqqında fikirlərini bildirib.

Gürcü mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlər üçün maraqlı oyun oldu. Çoxlu mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi. Sevinmək üçün xüsusi bir şey yoxdur. Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər, həmçinin də qələbəni. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özlərini yaxşı tərəfdən göstərəcəklər. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər. 

- İndiyə qədər niyə alınmırdı və bu gün necə oldu ki, alındı?
- Öncəki oyunlarda da biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidir. "Neftçi" qapıya bir zərbə vurdu, uddular. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixoloji məqam da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Bu gün də soyuqqanlılıqla bitirməli olduğumuz vacib epizodlar var idi, amma yenə vura bilmədik. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı.

- Getdiyinizdən bu yana Azərbaycan çempionatının və hakimliyin səviyyəsi dəyişib?
- Hakimlik haqda şərh verməyəcəm. Onlara hörmətlə yanaşıram. Birinci hissədə əsəbi idim, amma üzrxahlıq etdim. Suallar hər zaman olur. Amma artıq bağlandı. "Qarabağ" elə səviyyədədir ki, tamam başqa səviyyədir. Digər komandalar isə hamısı eyni gücdədir. Hamı bir-birini məğlub edə bilər. Bu da maraqlıdır. Azərbaycan çempionatında azarkeş çatışmır. Bu çempionat daha çox azarkeşə layiqdir. Azarkeşlər çempionatı dəstəkləməlidir. Çox istəyərdim ki, onlar oyunlara gəlsin. Çempionat azarkeşsiz maraqsızdır. Daha çox gələcəklər, çempionatın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. "Xəzər Lənkəran", "Qəbələ", "Bakı", "İnter" kimi çox yaxşı komandalar var idi. "Neftçi" də həmişə "Neftçi"dir. Hər zaman burada liqa çətin idi, indi də. Futbolçuların adlarına görə başqa səviyyədə idi. Çünki maliyyə məsələsi də var. Məncə, bu da qayıdacaq. Çünki çempionat inkişaf edir, bura maraq da çox olacaq. Azərbaycan gözəl ölkədir, stadion da gözəldir. "ASCO Arena"nın süni örtüklü meydançası da əla idi. Daha da inkiaşf etmək üçün hər cür imkan var. 

- Demək olar ki, elitadan düşməyiniz reallaşıb deyə, futbolçular daha rahat oynayırlar?
- Çətindir demək. Bir çox detallar bir-birinə bağlıdır. Əvvəl olmayan şeylər bu gün oldu. Əvvəlki matçlarda çox epizod yaradırdıq, vura bilmirdik. Gənc futbolçular üçün Premyer Liqada oynamaq xoşdur. Futbolçu birinci dəfə oynamağa çıxırsa, onun üçün komandanın liqadan düşüb-düşməməsi önəmli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
5
Mənbələr
Şərh ()
Bağla