AZ

Sxadadze: “Azərbaycan çempionatı daha çox azarkeşə layiqdir”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 33-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gürcü mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər üçün maraqlı oyun oldu. Bol qollu matç alındı, meydanda yaxşı mübarizə çox idi. Bu, inkişaf üçün çox vacibdir. Gənc oyunçular bu səviyyədə sonadək mübarizə apardılar. Onlara görə şadam, təbrik edirəm. İki debütant da meydana çıxdı. Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik. Gənc futbolçularımız üçün sevinirəm. Onlar məşqlərdə də yaxşı çalışırlar və daha yaxşı oynaya bilərlər. Ümid edirəm ki, son matçlarda da özümüzü yaxşı tərəfdən göstərəcəyik. Əvvəlki matçlarda da çox qol epizodları yaradırdıq. Amma bundan yararlanmaq üçün soyuqqanlılıq və ustalıq lazımdır ki, bunu bir az artırmışıq. Rəqib qapıçılar bizimlə görüşlərdə üç və daha çox artıq “seyv” edirdilər, amma biz uduzurduq. “Neftçi” ilə qarşılaşmanı misal çəkə bilərəm. Həmin görüşdə biz beş, rəqib bir dəfə çərçivəyə zərbə endirdi”.

Kaxaber Sxadadze Azərbaycan çempionatının ümumi səviyyəsi haqda da fikirlərini bölüşüb:

“Qarabağ” tamam başqa səviyyədədir. Digərləri isə hamısı eyni gücdədir. Hamı bir-birini məğlub edə bilər. Bu da maraqlıdır. Azərbaycan çempionatında azarkeş çatışmır. Bu çempionat daha çox azarkeşə layiqdir. Azarkeşlər çempionatı dəstəkləməlidir. Çox istəyərdim ki, onlar çox gəlsin. Çempionat azarkeşsiz maraqsızdır. Daha çox gələcəklər, Premyer Liqanın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı”, “İnter” kimi çox yaxşı komandalar var idi. “Neftçi” də həmişə “Neftçi”dir. Azərbaycan gözəl ölkədir, stadionlar da gözəldir. Daha da inkişaf etmək üçün hər cür imkan var”.

“Mövsümün ən zəif oyununu keçirdik” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Deyiləcək bir söz yoxdur. Oyuna yaxşı hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də, mövsümün ən zəif oyununu keçirdik. “Qəbələ” daha istəkli idi. Əslində, əksinə olmalıydı, şanslarımız qalmalıydı. Bu gün artıq avrokubok şansımız qalmadı. Futbolda hər şey olur, qəbul etmək lazımdır. Yolumuza davam edəcəyik. “Qəbələ”ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim. Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerdə idilər. Ənənə, stabillik olmalıdır. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Üzgünük. Ancaq məqsəd mövsümü altıncı yerdə bitirməkdir. Gələn il avrokubok zonasına oynaya bilərik. Biz lazımi oyunlarda özümüzü kökləyə bilmədik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla