AZ

Qərbin Ukraynaya qoşun yeritməsi ehtimalı artır – Müharibəyə 100 min NATO əsgəri qoşula bilər

Ukraynadakı Qərb qoşunları Rusiyanın işğalçı ordusunu geri atmağa kömək edərdi.

7Times.az  xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal “CBC News”-a müsahibəsində deyib.

Şmıqal Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək barədə mülahizələrini şərh edərkən deyib ki, Ukrayna hələlik tərəfdaşlarından və müttəfiqlərindən yalnız Rusiya təcavüzündən müdafiə üçün öz ordusunu lazımi hərbi texnika və silahlarla təmin etməyi xahiş edir. Ukraynaya NATO qoşunlarının göndərilməsi ehtimalına gəlincə isə Şmıqal deyib ki, “vaxtı gəlsə, biz buna görə çox minnətdar və şad olacağıq”.

Bununla da Ukrayna hökumətinin başçısı rəsmi Kiyevin NATO qoşunlarının Ukraynaya müdaxiləsinin əleyhinə olmadığını ifadə edib.

Ümumiyyətlə, son zamanlar Qərb tərəfdaşlarının Ukrayna müharibəsinə birbaşa müdaxiləsinin mümkünlüyü ilə bağlı iddialar xeyli artıb. Fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı Ukraynaya Qərb qoşunlarının göndərilməsini müzakirə edir. Ötən gün isə o, rusların cəbhə xəttini yarıb keçəcəyi təqdirdə Parisin Ukraynaya quru qoşunlarını göndərməyi nəzərdən keçirəcəyini söyləyib.

Bu arada ABŞ-dən də bənzər açıqlamalar gəlməkdədir. ABŞ Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffri hesab edir ki, Ukrayna məğlubiyyətlə üzləşəcyi təqdirdə ABŞ Rusiya Federasiyasına qarşı müharibəyə “təkcə Amerika pulu ilə deyil, həm də ordu ilə” müdaxilə etməli olacaq.

İtaliyanın “La Repubblica” nəşri isə öz mənbələrinə istinadla yazıb ki, Rusiya Belarusu da Ukraynaya qarşı birbaşa müharibəyə cəlb etsə, yaxud Pribaltika respublikaları və Polşaya qarşı təcavüzkar addımlara əl atsa, NATO Ukraynadakı savaşa birbaşa müdaxilə edə, öz qoşunlarını yeridə bilər. Qəzet ilkin olaraq, müharibəyə 100 min NATO əsgərinin qoşula biləcəyini yazıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
10
Mənbələr
Şərh ()
Bağla