AZ

Qərbi Azərbaycan Xronikası: “Erməni dilində bizim lehimizə olan ciddi qaynaqlar var” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı olub. O, Türkiyə cəmiyyətində, o cümlədən elmi çevrələrdə Ermənistan və ermənilərlə bağlı yanaşmadan söhbət açıb. Bildirib ki, son dövrlərə qədər Türkiyədə erməni məsələsinə münasibət o qədər də ciddi olmayıb. Alimin sözlərinə görə, 1980-ci illərdən etibarən ASALA erməni terror təşkilatının həyata keçirdiyi silsilə terror aktlarından sonra qardaş ölkədə bu məsələyə xüsusi diqqət yetirilib. Bundan sonra türkiyəli alimlər erməni məsələsi, onların ideologiyası, terrorçu mahiyyətləri barədə tədqiqatlar, əsərlər ortaya qoyublar. Bu məsələdə azərbaycanlı alimlərin türkiyəli həmkarlarına böyük dəstəyi olub.

Q.Çaxmaqlı Ərciyəs Universitetindəki ermənişünaslıq bölümünün fəaliyyətindən də danışıb. Deyib ki, burada erməni dilini bilən mütəxəssislər hazırlanır, ermənilərə dair araşdırmalar aparılır. Türkiyədə gənclərin ermənişünaslıq bölümünə marağının ildən-ilə artdığını diqqətə çatdıran müsahib vurğulayıb ki, hər il iyirmiyə yaxın məzun olur və onlar müxtəlif qurumlarda, o cümlədən dövlət idarələrində müvafiq vəzifələrdə çalışırlar. Alim erməni dilində bizim lehimizə olan çox ciddi qaynaqların varlığından söhbət açıb. Alim deyib ki, erməni düşüncə sistemi və ideologiyası terror üzərində qurulub. Onun sözlərinə görə, ermənilərin nə düşündüyünü öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir.

Professor Q.Çaxmaqlı Ermənistanın işğalçılıq, deportasiya siyasətinə toxunaraq bildirib ki, bu siyasət indiki erməni dövlətinə və xalqına nə isə qazandırmayıb. Əksinə, azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Alim erməni yazarlarının etiraflarına istinad edərək deyib ki, Ermənistanın monoetnik dövlətə çevrilməsi erməni xalqının faciəsidir.

Doğulduğu Amasiya rayonunun Çaxmaqlı kəndi barədə məlumat verən Q.Çaxmaqlı söyləyib ki, dünyaya göz açdığı kənd onun üçün ən müqəddəs və unudulmaz məkandır. O, burada yaşadığı illərdə ermənilərin soydaşlarımıza münasibətdə ayrı-seçkiliyini, təzyiq və təhdidlərini, nüfuzlu azərbaycanlıları sui-qəsdlərə məruz qoymalarını konkret faktlarla dilə gətirib. Bildirib ki, nənəsinin qardaşlarını ermənilər Qazaxıstana sürgün ediblər və öz doğma kəndlərinə qayıtmağı onlara yasaq ediblər.

1988-ci ildə Amasiya rayonunun Çaxmaq kəndinin, eləcə də digər yaşayış məntəqələrinin erməni mühasirəsində olduğunu diqqətə çatdıran alim deyib ki, əgər 7 dekabr tarixində Hamamlı rayonunda - indiki Spitakda güclü zəlzələ baş verməsəydi, mühasirədə qalan azərbaycanlıların sağ-salamat Azərbaycana köçüb gəlməsi qeyri-mümkün olacaqdı. Professor Q.Çaxmaqlı sonda vurğulayıb ki, tarixi Azərbaycan torpaqlarına qayıtmaq hər bir soydaşımızın haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla