AZ

Kol-kosun içində gizlənmiş məktəb

Tovuzdakı tədris ocağının bu durumu çoxmu çəkəcək?

Kürün sahilinə sığınmış bir kənd var, Hunanlar kəndi. Rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Həmin kəndin də Habil Cəfərov adına bir tam orta məktəbi var. 

Kəndə gəlib bayaqdan onu axtarırıq. Məcbur olub mərkəzi yolun kənarında dayanmış kişidən məktəbin yerini soruşuruq. Əlini uzadaraq bir qədər aralıda, kol-kosun içində, necə deyərlər, sanki aşağı sinən uçuq bir damı göstərir. Elə bilirik, kişi zarafat edir. Təəccübləndiyimizi görüb: “Bəli, bu, bizim məktəbdir, dağılıb gedir, təzəsini isə tikmək barədə fikirləşən yoxdur”,– deyir. –“Görünür, məktəbin bu vəziyyətdə olması kimlərəsə sərf edir, onun təzəsinin tikilməsi nə məktəbin, nə də təhsil şöbəsinin rəhbərliyinə sərf edir. Təzəsini tikəcəklər, sizin kimi gələn-gedən də çox olacaq, dərsə davamiyyəti, nizam-intizamı yoxlayan da. Ağrımayan başlarına niyə dəsmal bağlasınlar ki? Gedib baxın, özünüz görəcəksiniz.”

Kənd sakininin bu cür gileyli danışması bizi məktəblə daha yaxından tanış olmağa bir qədər də həvəsləndirdi.

...Məktəbin həyətinə açılan yöndəmsiz darvazadan içəri keçən kimi gördüyümüz mənzərənin bizdə doğurduğu təəssüratı sözlə izah etməyə çətinlik çəkirik. Nə yaxşı ki, yanımızda foto-aparat var idi və onu işə saldıq. Təbii ki, icazə almadan məktəbin içərisinə keçib dərsin gedişinə mane ola bilməzdik. Amma hiss etdik ki, gündüz saat 12 olmasına baxmayaraq, məktəbdə şagird yoxdur. Olan 5–10 nəfər də stadion adlandırılan yerdə, tozun-torpağın içərisində “qaçdı-tutdu” oynayırdı. Halbuki sonradan öyrəndik ki, 352 şagirdi olan məktəbdə dərslər iki növbədə keçirilir və biz orada olduğumuz müddətdə məktəbdə ən azı 150 şagird olmalı idi...

– Siz kimsiniz?

Qəfil sualdan diksindim. Başımın üstündə 55–60 yaşlarında bir kişi dayanmışdı və bir gözü bayırdakı uşaqlarda, bir gözü məndə idi. Özümü təqdim etdim. O da “Fərman Əmiraslanov, təsərrüfat işləri üzrə direktor müavini, gedim direktora xəbər verim”– deyib məktəbin binasına tərəf qaçmağa başladı.

Heç 2–3 dəqiqə keçməmiş tövşiyə-tövşiyə gələrək “Direktor deyir ki, qoy rayon təhsil idarəsinə məlumat verim, sonra ”. 

Heç nə deməyib həyətdə gözləməyə başladım. Bayaqdan bayırda oynayan uşaqlar üçün sanki “həyəcan siqnalı” çalındı, nə dedilərsə hamı qaçıb siniflərə doluşdu və sonra da pəncərələrdən boylanmağa başladılar. Məktəbin darvazasından içəri çantalı-çantasız uşaqların gəlməsi də nəzərimizdən qaçmadı. Çaşqın nəzərlərlə nə edəcəklərini, hara gedəcəklərini bilmirdilər. Hiss olunurdu ki,onları tələsik evlərindən çağırıblar.

Daha yarım saat gözlədikdən sonra direktordan bir xəbər çıxmadığını görüb məktəbin xarabalığa oxşayan həyətini gəzməyə başladıq. Açıq-aşkar görünürdü ki, bura aylarla əl vurulmur. Məktəb binasını kol-kos örtüb. Bina elə bir vəziyyətdədir ki, sanki ağır döyüşlərdən çıxıb, talan edilib, yandırılıb. Şagirdlər dərsdən çıxıb həmin kol-kosun arası ilə, kələ-kötür yollarla gedib gəlirlər.

– Müəllim, sizə nə lazımdır?

Bu dəfə başımın üstünü başqa bir nəfərin kəsdirdiyini görüb suala sualla cavab verdim:

– Bəs siz kimsiniz?

– Direktor müavini Zeynalabdin Abdıyev.

– Təhsil idarəsindən icazə aldımı direktorunuz, –deyib daha bir-iki şəkil çəkmək istəyirdik ki, müavin əl-qol ataraq çəkilişə mane olmağa çalışdı. Lakin biz öz işimizi sakit tərzdə sona çatdırdıq…

Yadımıza bir qədər əvvəl yol kənarındakı söhbət düşdü: “Təzəsinin tikilməsi nə məktəbin, nə də təhsil şöbəsinin rəhbərliyinə sərf edir”.

Əslində, gördüyümüz mənzərə, məktəbin rəhbər işçilərinin hərəkətləri deyilənləri təsdiq edir. Məktəbin direktoru Solmaz Rzayeva bu vəzifəyə bir neçə aydır başqa bir kənddən–Aşağı Quşçudan gəlib. Gözləmək olardı ki, məktəbin binası yararsız da olsa, ətrafda səliqə-sahman yaradılmasına çalışacaq, nizam-intizamın, dərsə davamiyyətin və tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına nail olacaq. Təəssüf ki, direktor başqa yol tutub...

Rayon təhsil sektorunun müdiri Məhəbbət Hüseynova da məktəbin fəaliyyətinə lazımi nəzarət etmir, aylarla bu tədris ocağı ilə maraqlanmır. Yaxşı ki, rayon icra hakimiyyəti başçısının yerlərdə, o cümlədən Hunanlar kəndində müntəzəm səyyar qəbulları olur və müdir xanım da məcbur olub bu tədbirlərdə iştirak edir.Yoxsa onsuz da gözdən uzaq olan məktəb tamamilə unudular.

Bir məsələni də qeyd etmək istəyirik ki, regional təhsil idarələri yerlərdə tədrisin vəziyyətinə nəzarət etmək, onun maddi-texniki bazasının möhkəmləndirilməsində istiqamətverici rol oynamaq, yerli icra strukturları və müvafiq nazirliklə əlaqəli şəkildə fəaliyyət göstərmək üçün müəyyən işlər görürlər. Lakin onların bir çoxunun işində passivlik açıq-aşkar görünür. Xüsusilə irəli sürülən təkliflərin həyata keçirilməsi, məktəblərdə yaranmış problemlərin həlli istiqamətində bir süstlük, qeyri-peşəkarlıq hiss olunur. 

Bu baxımdan Qazax–Tovuz Regional Təhsil İdarəsi və onun rəhbəri Arslan Hacıyev də istisna deyil. Tovuzun Hunanlar tam orta məktəbdə yaranmış vəziyyətlə bağlı qətiyyən narahat olmur və əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmır. Nəticədə onsuz da bərbad olan bir tədris ocağı daha pis günə düşür və burada tədris də başlı-başına buraxılır. Regionalların “nazirlikdən başqa bizim işimizə heç kim qarışa bilməz” – kimi fikirləri də yuxarıda təsvir etdiyimiz xoşagəlməz vəziyyətə gətirib çıxarır.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri

Tovuz rayonu

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla