AZ

Oxşar epizodlar, fərqli qərarlar...

Srağagün Avropa Liqasında ilk yarımfinal oyunları keçirildi.

Bizə də yaxından tanış olan, “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer-04” bu dəfə səfərdə “Roma”nı iki cavabsız qolla məğlub etdi. Qarşılaşmada bütün azərbaycanlı futbolsevərlərin diqqətini bir məqam çəkdi. Belə ki, 16-cı dəqiqədə “aspirinlər”in kapitanı Conatan Ta topa yiyələnən və qapıçıyla təkbətəkə çıxmağa hazırlaşan “Roma”nın belçikalı futbolçusu Romelu Lukakuya qarşı kobudluq etdi. Müdafiəçinin əks-hücumun qarşısını alması baş hakim Fransua Letesye tərəfindən sarı vərəqə ilə cəzalanmasına səbəb oldu. İndi isə qayıdaq Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşünə. Orda da “Qarabağ”ın oyunçusu Elvin Cəfərquliyev topu itirəndən sonra əks-hücuma çıxmağa hazırlaşan Ceremi Frimponqun köynəyindən dartaraq mane olmağa çalışmışdı. Həmin oyunun baş hakimi Entoni Teylor futbolçumuzu qırmızı vərəqəylə cəzalandırdı. Hər iki epizoda baxanda hadisənin eyni nöqtədə baş verdiyini görmək mümkündü. İki sual epizodu izləyənlərin çaşqınlığına səbəb olur. Birincisi, ya Avropada ölkəmizə qarşı qərəzli mövqe var, ya da “Bayer-04”ə xüsusi rəğbət. Bu epizodlar arasında hansısa fərqin və hakim qərarlarının nə dərəcədə doğru olub-olmadığını öyrənmək istədik. Buna görə veteran hakim Fariz Yusifovla əlaqə saxladıq:
“Elə epizodu görən kimi hakimin doğru qərar qəbul etdiyini düşündüm. Bəli, yenə də fikirdəyəm. Burda Romelu Lukaku (Roma) topa yiyələnənə qədər artıq Conatan Ta (Bayer-04) onu tutub saxlamışdı. Burda qapı istiqamətində olan uzunluq gözlənilir. Daha sonra top qapı istiqamətindədimi? Yoxsa paralel çıxa bilərmi? Və ya qapıçıyla birbaşa təkbətəkə getmək ehtimalı nə qədərdi? Bunlar meyarlardı və hamısını bir-bir yoxlamaq lazımdı. Yenə deyirəm, bizim oyunda Elvin Cəfərquliyev Ceremi Frimponqu saxlamasaydı, oyunçu birbaşa qapıçıyla təkbətək çıxacaqdı. Bu epizodda hardasa qapıyla arada 40-45 metr məsafə var. Bizim oyunda isə məsafə qısa idi, Frimponqun qapı istiqamətinə düppədüz gedərək təkbətək çıxmaq ehtimalı var idi. Epizoda baxanda Lukaku topa yiyələnənə qədər artıq rəqib futbolçunun onu tutduğunu gördüm. Bu epizodla “Qarabağ”ın oyunundakı epizod arasında fərq var. Bunlar da sadaladığım meyarlara görədi. Bizim görüşümüzdə oyunçunun qapıçıyla təkbətək çıxmaq məsafəsi daha çoxdu, qol vurmaq şansı daha yüksəkdi. Bu rəqibi aşkar qol imkanından məhrum etmək, yəni qırmızı vərəqədi. Amma digər epizodda fikir verirsizsə, Ta Lukaku topa yiyələnənə qədər rəqibi yıxdı. Sadaladığım meyarlara görə hakimin qərarıyla yüzdəyüz razılaşıram. Bu hərəkət sarı vərəqəlikdi”.


KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla